Azərbaycan Özbəkistanda uşaq xeyriyyə festivalında iştirak edib

24.05.2017 16:01     Dünyadan reaksiya     1246

Bakı. 24 may. Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internat evlərinin uşaqları üçün xeyriyyə festivalı keçirilib. Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Mərkəzdən "Report"a verilən məlumata görə, Azərbaycan tərəfi builki xeyriyyə festivalında iştirakını 28 May - Respublika Gününə həsr edib və festivalın rəsmi sponsoru olub. Tədbirdə Daşkənd Şəhər İcra Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.

Tədbirin açılışında Daşkənd şəhər Həmkarlar İttifaqının sədr müavini Omon Topilov Azərbaycan Mədəniyyət Mərkəzinin xeyriyyə festivalına dəstəyini yüksək qiymətləndirərək bunu əsl dost qayğısı və dəstəyi adlandırıb.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında gələcək nəsillərin elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğuladı, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.

Festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və “Kiçik fidanlar” rəqs qrupları milli rəqslərimizi ifa ediblər.

Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internat məktəblərinə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.

Reaksiya.az

Şərhlər