Rusiyadan Türkiyə ilə bağlı yekun qərar verildi
02.06.2017 12:54 Dünyadan reaksiya 1443
Rusiya hökuməti Türkiyədən idxalı qadağan olunan kənd təsərrüfatı məhsulları ilə bağlı qadağanı götürüb
Rusiya hökuməti Türkiyədən idxalı qadağan olunan kənd təsərrüfatı məhsulları ilə bağlı qadağanı götürüb. Pomidora tətbiq edilən qadağa isə davam edir.
Sputnik Azərbaycan Rusiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, Baş nazir Dmitri Medvedyev, hökumətin Türkiyədən kənd təsərrüfatı məhsullarının alınmasına tətbiq edilən qadağanın aradan qaldırılması ilə bağlı müvafiq sənədi imzalayıb. Rusiya hökumətinin internet səhifəsində yayımlanan sənədə görə, Türkiyədən təzə və dondurulmuş xiyar, alma, armud, üzüm, çiyələk, toyuq və hind toyuğu məhsullarının alınmasına tətbiq edilən qadağa rəsmən götürülüb.
Bununla yanaşı, hökumətin qərarı ilə türk şirkətlərinin Rusiyada inşaat işləri aparmasına və turizm sahəsinə tətbiq edilən məhdudiyyətlər də aradan qaldırılıb. Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, pomidorun emal məqsədilə idxalına icazə verilə bilər. "Bu barədə yayın sonuna qədər məsləhətləşmələr aparılacaq. Amma söhbət pomidorun az miqdarda idxalından gedir" — Dvorkoviç bildirib. Ölkələrin bir-birinə tətbiq etdikləri məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı siyasi qərar Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Soçidə keçirdiyi görüşdə razılaşdırılmışdı. Sözügedən məhdudiyyətlər 2015-ci ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus Su-25 hərbi təyyarəsini vurmasından sonra qoyulmuşdu. İki ölkə arasında münasibətlər düzələndən sonra, sözügedən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində iş aparılırdı.
Reaksiya.az
Şərhlər