“Britaniya və Fransadakı seçkilərin nəticələri miqrantlara da təsir edəcək”
13.06.2017 11:44 Dünyadan reaksiya 1502
Siyasi ekspert: “Nəticələr onun göstəricisidir ki, avropalılar da koalision iqtidarlardan, növbədənkənar seçkilərdən yorulublar və tək gücə arxalanan sabit bir idarəetmə istəyirlər”
Ötən həftə keçirilən və bütün dünyanın diqqətlə izlədiyi Böyük Britaniyada və Fransada parlament seçkilərinin nəticələri artıq məlumdur. Böyük Britaniyanın Baş naziri Tereza Meyin sədri olduğu Mühafizəkarlar Partiyası qalib gəlsə də xeyli sayda mandat itirib. Son məlumatlara görə, hakim partiya İcmalar Palatasında 318 yer alacaq. Leyboristlər 261, liberal-demokratlar 13 , Şotlandiya millətçiləri 35, qalan partiyalar isə 23 mandata sahib olublar. Nəticələrə əsasən Mühafizəkarlar 12 mandat itirib, bunun əkinə leyboristlər 29 mandat qazanıblar. Şotlandiya millətçiləri də parlamentdə 21 yer itiriblər. Ümumilikdə, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olub. Baş naziri Tereza Mey seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra bildirib ki, hakim partiyanın qələbəsi ölkəyə sabitlik gətirəcək və Londonu Avropa İttifaqından çıxış üçün əlverişli şərtlərlə təmin edəcək.
Fransada isə keçirilən parlament seçkilərinin 1-ci turunda prezident Emmanuel Makronun “İrəli, Fransa” partiyası qalib gəlib. Seçkilərin yekun nəticələrinə görə, iqtidar partiyası ümumölkə miqyasında səslərin 32,1%-ni toplayıb. Seçkilərin ən sürpriz anti-qəhrəmanı isə dünənə qədər Fransa siyasi həyatının iki əsas partiyasından biri olan Sosialistlər olub. Onlar bütün Fransa ərazisində cəmi 10%-lik nəticə göstəriblər.
Beləliklə, son bir həftədə Avropanın iki nəhəng dövlətində-Britaniya və Fransada parlament seçkiləri keçirildi. Nəticələr məlumdur.
Bəs bu nəticələr Avropada yeni gəlişmələrə səbəb olacaqmı? O cümlədən, seçkinin nəticələri Avropada miqrantlarla bağlı duruma necə təsir edəcək?
Politoloq Əhəd Məmmədli bildirdi ki, Britaniya və Fransada gözlənildiyi kimi sağ mühafizəkar güclər qalib gəlib. Böyük Britaniyada aşağı palatada Tereza Meyin partiyası səs itirsə də, koalisiyaya girərək kraliçadan icazə alaraq yeni kabinet formalaşdıracaqlar. Fransada isə parlament seçkilərində də prezident Makron və komandası qalib gəldi. Bu da artıq hakimiyyətin tək əldə, tək siyasi qüvvədə cəmləşməsi deməkdir: “Bu, onun göstəricisidir ki, avropalılar da koalision iqtidarlardan, növbədənkənar seçkilərdən yorulublar və tək gücə arxalanan sabit bir idarəetmə istəyirlər. Təbii bu, həmin ölkələrdə, həmçinin bütöv Avropada yeni gəlişmələrə səbəb olacaq. Artıq Avropa da liberallaşma və qloballaşmadan əski milli yönətimlərə qayıdır. Bu, təbii ki, Avropadakı miqrantlara münasibətlərdə də öz təsirini göstərəcək. Bu, mmiqrant və buna oxşar məsələlərdə hələ çox gərginlik və problemlər yaradacaq. Belə ciddi problemin həlli üçün gərək çox işlər görülməlidir. Türkiyə ilə miqrant məsələsi yönündə dil tapılmalıdır. Avropa Yaxın Şərq siyasətini dəyişməlidir. ABŞ baskısını azaltmalıdır. Kontinental Avropa anqlo-saks təsirindən çıxmalıdır. Müsəlman ölkələrinə bərabərhüquqlu tərəfdaş kimi baxılmalıdır. Yəni görüləsi işlər hələ çoxdur. Bütün bunlar baş verdikdə yuxarıda qeyd olunan məsələlərin hansısa çözümündən danışmaq olar. Əks halda Avropadakı miqrantların problemləri artacaq, onların problemi artdıqca Avropanın özü bundan zərər görəcək”.
Şərhlər