Misir iki adasını Səudiyyə Ərəbistanına verir

15.06.2017 13:42     Dünyadan reaksiya     1478

Ekspertlərin rəyinə görə, Sisi rejiminin bu addımı ölkəni Səudiyyə Ərəbistanı qarşısında daha gücsüz duruma salacaq

Misir hökuməti bu yaxınlarda ölkədəki daxili siyasi situasiyanı gərginləşdirəcək addım atıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ölkə parlamenti Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsini təsdiqləyib.

Həm parlamentdə, həm də yerli mətbuatda bununla bağlı bir neçə aydan çox qızğın diskiussiyalar gedir. Siyasi müşahidəçilərin fikrincə, bir dövlətin ərazisinin başqa dövlətə bəxş edilməsi bölgədəki geopolitik şərtləri kökündən dəyişdirə bilər.

Qeyd olunur ki, iki ölkə arasında dənizdə demarkasiya xətti haqqında saziş hələ keçən ilin aprelində imzalanıb. Sənədə görə, Qahirə Ər Riyada Qırmızı dənizdəki iki adası üzərindəki suverenliyini təslim edir. Sazişin qüvvəyə minməsi üçün onun iki ölkənin qanunverici orqanlarında təsdiq edilməsi lazım idi. 

Səudiyyə Ərərbistanında faktiki olaraq parlament mövcud olmadığı üşün (ölkədə sadəcə bütün üzvləri kral tərəfindən təyin edilən 150 nəfərlik Məsləhət Şurası var-red.) bu məsələ dərhal öz həllini tapıb.

Qahirədə isə bu mövzu ətrafında mübahisələr bir neçə ay uzanıb. Hələ bu ilin yanvarında Misirin Ali inzibati məhkəməsi adaların verilməsinin qeyri-qanuni hesab olunması barədə qərar vermişdi. Lakin ölkə parlamenti məhkəmənin bu qərarını tanımadığını bəyan edib. 

Bir neçə gün əvvəl parlamentin müzakirəsinə çıxarılan sənəd deputatlar arasında kəskin mübahisələrə, hətta əlbəyaxa dava-dalaşa səbəb olub.

Qahirənin mərkəzində isə insanlar adaların verilməsinə qarşı etiraz aksiyaları təşkil ediblər. Yerli polis onlara qarşı sərt davranıb və həbslər həyata keçririb.

Misir konstitusiyasına görə, yekun qərar Müdafiə və təhlükəsizlik komitəsi tərəfindən verilib. Komitə üzvlərinin əksəriyyətinin səsi ilə (35 lehinə, 2 əleyhinə) Misir iki adasını Səudiyyə Ərəbistanının ixtiyarına təqdim edib.

Misir hökuməti bunu həmin adaların tarixən Səudiyyə Ərəbistanına məxsus olması ilə izah edir. Adalar 1950-ci illərdə Ərəb-İsrail münaqişəsi zamanı Misirin sahibliyinə keçibmiş.

Ölkə rəsmiləri Misir vətəndaşlarının viza almadan həmin adalara gedib-gələ biləcəyini, habelə Qahirənin adalar üzərində inzibati hakimiyyətini qoruyub saxlayacağını bildirsələr də, şayiə və ittihamların ardı-arası kəsilmir.

Qanunun əsas tənqidçiləri Misirdəki Sisi hakimiyyətinin öz torpaqlarının alveri üstündən Ər-Riyaddan milyardlarla dollar pul qopardığını söyləyirlər. Misir jurnalsiti Camal əl Cəml Tiran və Sanafirin Misirin xarici siyasətinin məhək daşı olduğunu vurğulayır.

“Adaların verilməsi Yaxın Şərqdəki qüvvələr balansını tamamilə dəyişdirəcək. İran körfəzinə qapı rolunu oynayan bu adaların Misir üçün strateji əhəmiyyəti həddən artıq böyük idi”, - Əl Caml bildirir.

Bundan başqa adalarda Misir və İsrail arasındakı sərhəddə təhlükəsizliyin təmin edilməsini izləyən BMT müşahidəçilərinin bazaları da yerləşirmiş.

Siyasi ekspertlərin rəyinə əsasən öz adalarını Səudiyyə Ərəbistanına təslim edən Misir olduqca zəif vəziyyətə düşəcək. Ərazilərin strateji əhəmiyyətini bilən Ər Riyad isə yeri gəldikdə bundan Misiri şantaj etmək üçün də istifadə edə bilər.

Reaksiya.az

Şərhlər