ABŞ-da Ərdoğanın 12 mühafizəçisi barədə həbs qərarı çıxarıldı
16.06.2017 13:50 Dünyadan reaksiya 1282
Vaşinqtonda yaşanmış qarşıdurma ilə bağlı sərt qərar verilib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, mayın 16-da ABŞ-a səfəri zamanı, Vaşinqtondakı Türkiyə səfirliyi önündə yaşanan qarşıdurma ilə bağlı cinayət işi açılıb. İnsident səbəbindən iki Türkiyə vətəndaşı ABŞ-da həbs olunub
16 may hadisələri ilə bağlı Vaşinqtonun polis rəisi Piter Nyuzem və şəhərin meri Muriel Bouzer birgə mətbuat konfransı keçirib.
Nyuzem türk mühafizəçilərin "sülh nümayiş etdirənlərə" hücum etdiklərini deyib.
O bildirib ki, qarşıdurmada iştirak etdiyi müəyyənləşən 16 nəfər barəsində həbs qərarı çıxarılıb: "İkisi Kanada, ikisi ABŞ, qalanları isə Türkiyə vətəndaşlarıdır. İndiyədək 2 nəfər həbs olunub". "Qarşıdurmada iştirak etmiş digər türk mühafizəçilər haqqında həbs qərarı var. Hələ də şəxsiyyəti müəyyənləşdirilməyən şəxslər də var. Bunlar ABŞ-a gəlsələr, həbs ediləcəklər. Bu şəxslərin ABŞ-a gəlib ittihamlara cavab vermələrini gözləyirik. Şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz şəxslərin fotolarını və görüntülərini bu gün dərc edəcəyik" — polis rəisi bildirib.
Mətbuat konfransının keçirildiyi salonda, etirazçılarla qarşıdurmada təqsirləndirilən türklərin fotoşəkilləri asılıb və üzərilərində "Wanted" ("Axtarılır") qeydi olub. Diqqətə çatdırılıb ki, Türkiyə səfirliyinin təhlükəsizlik əməkdaşlarından Sinan Narin Virciniya, Eyüp Yıldırım isə Nyu-Cersidə "xəsarət yetirmə" ittihamı ilə həbs olunub. Türkiyə səfirliyi Narin və Yıldırımın həbsini təsdiqləyib.
ABŞ-ın Rəcəb Tayyib Ərdoğanın 12 mühafizəçisi haqqında həbs qərarı çıxarmasından sonra, ABŞ-ın Türkiyədəki səfiri Con Bass Xarici İşlər Nazirliyinə çağırılıb. Çıxarılan qərarın səhv və qeyri-obyektiv olduğu ifadə edilərək, Türkiyənin reaksiyası ABŞ səfirinə çatdırılıb. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan da ABŞ polisinin çıxardığı qərara münasibət bildirib. O, Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib. "Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı? Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu, nə qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?" — deyə Ərdoğan bildirib. O, Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib. Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olarkən, bir qrup PKK tərəfdarı Türkiyə prezidenti əleyhinə çirkin ifadələr işlədərək onu "uşaq qatili" adlandırmışdı. Bunun üzərinə Ərdoğanın cangüdənləri PKK-çılara qarşı hücuma keçərək onlara ağır xəsarət yetirmişdi
Reaksiya.az
Şərhlər