Yaxın Şərq savaşının ƏSL HƏDƏFİ: - “Sykes-Picot”la başlayan PLAN
13.07.2017 12:22 Dünyadan reaksiya 1605
Cenevrədə 10 gün davam edən Kipr müzakirələrinin nəticəsiz yekunlaşmasından sonra adanı yeni bir gərginlik gözləyir.
“Habertürk” saytı xəbər verir ki, gərginliyin səbəbi 11-ci bölgədir.
Məlumata görə, Fransanın TOTAL və İtalyan ENİ enerji şirkətiləri Şərqi Aralıq dənizində yerləşən 11-ci bölgədə iyulun 17-də qazma-axtarış işlərinə başlayacaq. İşləri həyata keçirəcək “West Capella” gəmisi artıq Kiprə çatıb.
Qazma işlərindən əvvəl sınaqlar bir neçə gün davam edəcək. Qazma dərinliyinin 1700 metr su dərinliyi ilə birlikdə 3500-4 min metr arasında olacağı gözlənilir. İşlərin təxminən 2-3 ay davam etməsi, ilk nəticələrin payızda açıqlanması nəzərdə tutulur. 11-ci bölgənin Misirin Zöhr bölgəsinə yaxın olması burada zəngin karbohidrogen yataqlarının tapılması ehtimalını gücləndirir.
Hər nə qədər 11-ci bölgə türk tərəfinin olduğu sahədə olmasa da, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Ankara adanın bütün sərvətlərinin iki xalqa aid olduğunu bildirir.
Mənbələr qeyd ediblər ki, Türkiyənin qarşısında iki yol var.
“Prosesləri izləyirik. Qarşımızda iki yol var. Ya hər kəs öz hasil etdiyini alacaq, ya da hasil edilən təbii qaz paylaşılacaq. Yunanların bu addımı Kipr probleminin həlli şansı ola bilməyəcəyini göstərir”, - mənbələrdən biri deyib.
Mənbələr Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda təşkil edilən 22-ci Dünya Neft Konqresindəki sözlərini xatırladıb. Ərdoğan bildirib ki, beynəlxalq hüquq karbohidrogen ehtiyatların adadaki bütün tərəflərə aid olmasını tələb edir.
“Hər kəsdən gözləntimiz odur ki, bölgədə yeni gərginliklərin yaranmasına səbəb olacaq addımlardan qaçsınlar. Əks halda, yalnız bölgədə deyil, hər yerdə və hər platformada Türkiyə kimi bir dostu itirmək riski ilə qarşı-qarşıya qalacaqlar”.
Qeyd edək ki, hazırda Aralıq dənizində Misirin tək bir yatağında 800 milyard, İsrailin isə iki yatağında 800 milyard kubmetr təbii qaz tapılıb. Şərqi Aralıq dənizində - Kipr adasının cənub hissəsində də böyük neft və təbii qazın yataqlarının olduğu bildirilir.
Daha əvvəl isə Türkiyənin "Yeni Şafak" nəşrinin yazarı Kamal Öztürk Suriyadakı hadisələri "vətəndaş müharibəsi" deyil, "Aralıq dənizi müharibəsi" kimi xarakterizə edib. O, Yaxın Şərqdəki qarşıdurmaların əsl səbəbinin Aralıq dənizindəki kəşf edilməmiş təbii qaz ehtiyatı yataqları olduğunu bildirib.
Kamal Öztürk onlarla ölkənin döyüş gəmiləri və təyyarələrinin toplandığı Şərqi Aralıq dənizində 3,5 trilyon kubmetr kəşf edilməmiş təbii qaz ehtiyatının olduğunu qeyd edib: "Bu barədə ABŞ-ın Geoloji Araşdırma Təşkilatı 2013-cü ildə dərc etdiyi hesabatında bildirib. Bu, bölgədəki ölkələrin taleyini, Yaxın Şərqdə tarazlıqları dəyişdirəcək qədər böyük qaz ehtiyatıdır. Bu kəşf Şərqi Aralıq dənizində həmçinin neftin də ola biləcəyini göstərir. Dünya bu bölgənin neft və qazına möhtacdır. Birinci Dünya Müharibəsindən sonra Osmanlı torpaqlarını parçalayanlar ("Sykes-Picot" razılaşması) bizə elə bir bölgəni buraxıblar ki, hər yerdən neft və təbii qaz fontan vurarkən, bizdə dərman üçün bir barel neft çıxmır. Şərqi Aralıq dənizində çıxarılacaq qazdan bir çox ölkə zəngin olacaq, amma bizə və Şimali Kiprə (rəsmi olaraq tanınmadığı üçün) bir qəpik düşmür. Bu, necə zalım bir coğrafi bölünmədir?"
Onun sözlərinə görə, Suriya vətəndaş müharibəsində məsələ heç də İŞİD, "Ən-Nüsra" Cəbhəsi, yaxid da şiə-sünni qarşıdurması deyil: "Məsələ neft və qazın çıxarılmasında pay sahibi olması, enerji ehtiyatlarının daşınması üçün yeni boru xətlərinin çəkilməsi, təsislərin qurulması və bütün bunları həyata keçirəcək şirkətlərin hansı ölkələrin olmasına qərar verilməsidir".
Şərhlər