Ərdoğan dünya müsəlmanlarına çağırış etdi
25.07.2017 14:39 Dünyadan reaksiya 1342
“İsrail təhlükəli bir yola qədəm qoyub. İsrailin “əl-Aksa” məscidini işğal etməsi bardağı daşırır”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Osmanlının çöküşündən sonra İsrail dövlətinin qurulması ilə Qüdsün ağır günlərinin başladığını söyləyən Ərdoğan deyib ki, İsrail “əl-Aksa” məscidinə qarşı atdığı son addımlarla dövlət kimi qanuniliyini şübhə altına qoyur: “İsrail əlindəki silahlara, arxasındakı güclərə arxalanırsa, səhv edir. Buradan dünya müsəlmanlarına səslənirəm. İmkanı olan hər bir müsəlman “əl-Aksa”nı, Qüdsü ziyarət etsin, getmək imkanı olmayan da oradakı qardaşlarımıza yardım göndərsin. Biz, “əl-Aksa” məscidinə nə qədər sahib çıxsaq, müqavimət daha güclü olar. İsrail əsgərləri çəkmələri ilə “əl-Aksa”nı çirklədirsə, bunun səbəbi bizim daha çox Qüdsə sahib çıxmamağımızla bağlıdır. Gəlin Məkkəyə, Mədinəyə sahib çıxan kimi Qüdsə də sahib çıxaq”.
Ərdoğan nəzərə çatdırıb ki, Türkiyə paytaxtı Şərqi Qüds olan Fələstin, paytaxtı Təl-Əviv olan İsrail dövlətini tanıyır: “Mən İsrail prezidentinə də dedim, ibadətə gedən müsəlmanlara terrorçu kimi yaxınlaşılmasını əsla qəbul etmək olmaz. Sinaqoqa gedən yəhudilərin də terrorçu sayılmaması lazımdır. Bu gün baş verənlər “əl-Aksa” məscidini müsəlmanların əlindən almaq cəhdidir. Bu, müsəlmanların ilk qibləsinə qarşı hörmətsizlikdir. İsrail baş nazirinə də bu barədə fikrimi çatdırdım. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri, Fransa prezidenti ilə də bu barədə danışdım. “əl-Aksa” məscidi ətrafında metal baryerlərin qaldırılması barədə razılaşma olduğu barədə məlumat aldıq. İsrailin bu məscid ətrafında yeni münaqişə yaratmasını yox, barış yolunda addımlar atmasını istəyirik”.
Türkiyə prezidenti son dövrlər ABŞ-da, Avropada Türkiyəyə qarşı bir mənfi yanaşma müşahidə olunduğunu vurğulayıb: “Qərb istəyir ki, Türkiyə boynunu büküb otursun. Qərb istəyir ki, maraqları təmin olunsun, Türkiyənin heç bir marağı nəzərə alınmasın. İstəyirlər ki, bir şillə atanda, vurmaları üçün sifətimizin digər tərəfini çevirək. Artıq elə bir Türkiyə yoxdur. Almaniya hökuməti Türkiyə prezidentinə ölkəsində danışmağa imkan verməyəcək, ancaq casusları Türkiyədə istədiklərini edəcək?! Ya Türkiyə ilə hörmətlə davranacaqsınız, ya da istədiyiniz cavabı alacaqsınız”.(apa)
Şərhlər