İranın ABŞ-ın sanksiyalarına qarşı həmləsi
14.08.2017 12:27 Dünyadan reaksiya 1814
Parlament raket proqramına məsrəflərin artırılmasına qərar verdi; Rusiya isə BMT-nin qərarına zidd olaraq İranın silahlarını təkmilləşdirir
İran parlamenti bazar günü, avqustun 13-də İslam respublikasının raket proqramına ayrılan xərclərin artırılması barədə qərar qəbul edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu qanun ABŞ Konqresində qəbul olunan və Vaşinqtonun Tehrana qarşı sanksiyaları genişləndirməsinə imkan verən qanuna verilən bir cavabdır.
İRNA agentliyinin verdiyi xəbərə görə, qanun layihəsini parlamentin iclasında iştiak edən 247 millət vəkilindən 240-ı dəstəkləyib. Yalnız bir deputat bitərəf qalmağa üstünlük verib.
“Amerikalılar bilməlidirlər ki, bu hələ bizim birinci cavabımızdır”, -parlamentin spikeri səsvermənin yekununda rəyini bildirib. Layihə qəbul olunduqdan sonra deputatlar bir ağızdan “Amerikaya ölüm”şüarı səsləndiriblər.
Parlament iclasında iştirak edən İran xarici işlər nazirinin müavini Abbas Araqçı qanun layihəsini “müdrik” adlandırıb və parlamentin qərarının prezident Həsən Ruhani tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.
Abbas Araqçı
“Layihə İran və Qərb dövlətləri arasında imzalanan və İranın nüvə proqramına nəzarət olunmasını nəzərdə tutan “Müştərək tamhəcmli hərəkət planı”nın müddəalarını pozmur. Lakin eyni zamanda xarici ölkələrin bizimlə manipulyasiya etməsinə də imkan vermir”, - hökumət nümayəndədsi bildirib.
Qanun layihəsinə görə, İranın xarici, müdafiə və kəşfiyyat nazirlikləri, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK), həmin hərbi birliyin Qüds briqadası, İran ordusu aralarındakı iyerarxiyaya və ölkənin Ali Təhlükəsizlik Şurası ilə koordinasiya içində yarım il ərzində ABŞ tərəfdən gələ biləcək təhdidlərə qarşı strateji plan hazırlamalıdırlar.
The Daily Sabah-ın məlumatına görə, layihə çərçivəsində İranın raket proqramının inkişafına 520 milyon dollar pul ayrılır.
Layihədə belə bir addımın “ABŞ-ın siyasi avantüralarına və sanksiyalarına qarşı, habelə İİKK-nın xarici əməliyyatlarına dəstək məqsədilə atıldığı xüsusi vurğulanıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin hesabatlarının əksinə olaraq İranı nüvə proqramı haqqında sazişə əməl etməməkdə günahlandırmışdı.
Tramp Barak Obama administrasiyasının diplomatik uğurlarından biri olaraq təqdim edilən İranla imzalanan müqavilənin hələ imzalandığı dövrdən tənqid etməsi ilə tanınır.
Mətbuatın yazdığına görə, Trampın əldə olunan razılaşmanın Tehran tərəfindən pozulduğu barədə sərf etdiyi sözlər heç də əsassız deyil.
Almaniyanın Welt am Sonntag qəzetinin xüsusi xidmət orqanlarına istinadən verdiyi xəbərə görə, İran BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Suriya vasitəsilə ağır silahların tərkib hissələrini Rusiyaya ötürüb.
“Kommersant” isə təmir olunması üçün nəzərdə tutulan hərbi yüklərin Suriyaya, Rusiyanın hərbi-kosmik qüvvələrinin dislokasiya etdiyi əraziyə ötürüldüyünü yazır.
Xəbərdə bu ilin iyununda İran təyyarələrinin iki dəfə Rusiyanın Suriyada yerləşən “Hmeymim” aviabazasına endiyi göstərilib. Hərbi texnika öncə Suriyanın Tartus limanına aparılaraq, daha sonra “Sparta-3” gəmisi vasitəsilə Novorossiysk limanına çatdırılıb.
Dənizlərdə gəmilərin hərəkətini izləyən Vesselfinder xidmətinin verdiyi xəbərə əsasən, avqustin 5-də Tartusdan çıxan “Sparta-3” ayın13-də, yəni dünən təyinat bölgəsinə gəlib çıxıb.
Məhz həmin günün İran parlamenti yuxarıda bəhs edilən qanun layihəsini qəbul etdiyi vaxtla üst-üstə düşməsini isə ən azı maraqlı təsadüf hesab etmək olar.
Əgər informasiya öz təsdiqini tapsa, bu həm Rusiya, həm də iran tərəfindən BMT Təhlükəsizlik Şurasını İranın nüvə proqramı ilə bağlı qəbul etdiyi 2231 saylı qətnaməsini pozduğunu göstərir. Sənədə əsasən İrana silah satılması və hərbi avadanlığa xidmət göstərilməsi BMT TŞ-nın üzvləri ilə razılaşdırılmalıdır.
Reaksiya.az
Şərhlər