ABŞ və Rusiya arasında “Gözə göz, dişə diş” yarışı gedir.

04.09.2017 09:03     Dünyadan reaksiya     1709

ABŞ və Rusiya arasında diplomatların qovulması və diplomatik korpusların bağlanması yarışı gedir.

Xəbər verildiyi kimi, Vaşinqton Rusiyanın ABŞ diplomatlarının sayının azaldılması ilə bağlı qərarından sonra cavab tədbirləri hazırlayıb.
Buna görə, Rusiya San-Fransisko şəhərindəki baş konsulluğu, o cümlədən Nyu-York və Vaşinqtondakı ticarət nümayəndəliklərini bağlamalıdır.

The New York Times məsələyə soyuq müharibə dövründən qalma revanş matçı kimi baxır.

Qəzetin yazdığına görə, ABŞ problemi münasibətlərin gərginləşdirmək nöqteyi-nəzərindən deyil, diplomatik paritet yaratmaq addımı olaraq gözdən keçirir.

Qəzetin rəyinə əsasən bunun üçün ilk olaraq San-Fransiskodakı baş konsulluğun seçilməsi təsadüfi deyil. Bir vaxtlar Pentaqonun Rusiya ilə siyasətini kurasiya edən Evelin Farkasın bildirdiyinə görə, bu konsulluq Rusiyanın korporativ casusluq aparması, habelə rus hakerlərinin fəaliyyəti üçün baza rolunu oynayıb.

“Hesab edirəm ki, ruslar bu konsulluqdan Silikon vadisində (ABŞ-ın yüksək texnologiyaların inkişafı ilə məşğul olan firmaların yerləşdiyi rayon-red.) elmi və texnoloji kəşfiyyatın aparılması üçün istifadə ediblər”, - bu yaxınlara qədər Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyadakı əməliyyatlarına rəhbərlik edən Stiven Holl qəzetə bildirib.

Britaniyanın The Guardian qəzeti boşalan konsulluq və nümayəndəlik binalarının ruslara məxsus olacağını yazır.

“Əlbəttə, əgər ruslar bizim bəzi məsələlərdə təlaşlarımızı sakitləşdirmək üçün addım atsalar buna qulaq verə bilərik. Bizim əsas məqsədimiz iki ölkə arasında münasibətləri düzəltməkdir”, - Dövlət Departamentindən qəzetə bildirlib.

Almaniyanın “Der Spiegel” qəzeti Rusiya diplomatlarının San-Fransiskoda 19-cu əsrin sonlarından fəaliyyət göstərdiyinə diqqət çəkib. Alman qəzeti konsulluğun bağlanmasını Rusiya-ABŞ münasibətlərinin yeni dönüş mərhələsi olaraq təsvir edib.

“Gözə-göz, dişə diş-“Tit for tat”, amerikalılar “soyuq müharibə” illərində aparılan bu tip oyunları belə adlandırırlar”, - qəzetin məqaləsində qeyd olunur.

Məqalədə Moskva ilə münasibətlərin düzəlməsində böyük ümidlər bəslənilən Donald Trampın iki ölkə tarixində ən bərbad dönəmlərdən birinə rəhbərlik etdiyi vurğulanır. Qəzet bu məsələdə Trampın ətrafındakı Rusiyaya dəhşətli kin bəsləyən məmur və deputat ordusunun böyük rol oynadığını qeyd edir.

“Vaşinqtondakı Moskva əleyhdarları Trampın klassik ikili strategiyadan istifadə etməsini istəyirlər: bir tərəfdən ABŞ Putinə yerini göstərməlidir. Digər tərəfdən isə danışıqlar üçün müəyyən kanallar saxlamalıdır”.

Məqalənin müəlifi Roland NellesVaşinqtonun bununla bağlı Moskvadan müəyyən tələblərinin olduğunu yazır:

“Amerikalıların prizmasından Moskva öncə KXDR-ə nüfuzundan istifadə edib onu yola gətirməlidir. Ağ Evdə Rusiyanın bu istiqamətdə Çindən daha az fəaliyyət göstərməsini başa düşmürlər.

İkinci əsas məsələ Ukrayna ilə bağlıdır. İş o yerə gəlib çıxıb ki, hazırda ABŞ Ukraynaya ölümcül və ağır silahların tədarükü məsələsini müzakirə edir”.

Məqalə müəllifi bütün bunların fonunda optimizmə yer olmadığını qeyd edir. Nellesin fikrincə, əslində bu vəziyyət Putinin özünə də sərf edir. Putin Vaşinqtonla münaqişəni gərginləşdirməklə qarşıdan gələn seçkidə millətçi şüarlarla xalqın qarşısına çıxıb mütləq səs çoxluğunu əldə etmək istəyir.

Rusiya tərəfdən isə hələ ki, deputat səviyyəsində sərt reaksiyalar sezmək mümkündür. 
Federasiya şurasının beynəlxalq əlaqələr üzrə komitə sədri Konstantin Kosaçev Vaşinqtonun rus konsulluğunu bağlamasını paritet yaratmaq istəyi ilə əlaqələndirməsini gülünc hesab edir.

Federasiya Şuasının beynəlxalq əlaqələr komitəsinin sədr müvini Andrey Klimov isə ABŞ administarsiyasının qərarının heç bir motivasiyaya bağlı olmadığını bildirib: “Amerikalılar “bərkgedən uşaqlar” olduğunu sübut etmək üçün dəridən qabıqdan çıxırlar. Mənə elə gəlir ki, bu ilk olaraq Donald Trampın necə cəsarətli və qərarlı olduğunu nümayiş etdirməsi, habelə indiki prezidentin Rusiyapərəst olmadığını sübut etmək üçün atılmış addmdır”.

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlər üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə amerikalıların son addımlarını “ayı hərəkətinə” bəzədib və “açıq-aşkar həyasızlıq” adlandırıb.(musavat)

Reaksiya.az

Şərhlər