Somalidən olan qaçqın Kanadada terror aktları törətməkdə ittiham olunur
02.10.2017 11:56 Dünyadan reaksiya 1296
Əslən Somalidən olan, hazırda Kanadada yaşayan bir qaçqın oktyabrın 1-də 5 maddə üzrə cinayət törətməkdə, o cümlədən adam öldürməkdə və terror aktı həyata keçirmək cəhdinə görə ittiham edilib.
Kanada polisinin məlumatına görə, təqsirləndirilən şəxs Alberta əyalətinin Edmonton şəhərində polis işçisinə bıçaqla zərbə vurub, daha sonra öz avtomobili ilə 4 piyadanı vurub.
Təqsirləndirilən Abdulla Həsən Şərifin 30 yaşı var. Kanada Kral Atlı Polisinin nümayəndələri bildiriblər ki, hələ iki il bundan əvvəl Şərifin ekstremist ideologiyanın təbliği ilə bağlı fəaliyyəti təhqiq olunub, lakin onun bu fəaliyyəti təhlükəli hesab edilməyib.
Məlum olub ki, Şərif şənbə günü yerli vaxtla axşam saat 8:15 radələrində özünün “Şevrolet Malibu” avtomobilini futbol stadionunun qarşısında dayanmış polis işçisinin üstünə sürüb. Sonra maşından çıxan Şərif polis zabitinə bıçaqla bir neçə zərbə endirib və cinayət yerindən qaçıb gizlənib. Şübhəli şəxs nəzarət-buraxılış məntəqəsində saxlanıb və onun sürücülük vəsiqəsini yoxlayarkən məlum olub ki, hadisəni törədən “Malibu” avtomobilinin sahibi bu şəxsdir. Şərif nəzarət-buraxılış məntəqəsindən qaça bilib. Polislər onun avtomobilini qovaraq şəhərin mərkəzində saxlayıblar. Şərif avtomobillə qaçdığı müddətdə dörd piyadanı vurub. Edmonton polisinin rəisi Rod Knextin dediyinə görə, maşında İŞİD bayrağı tapılıb.(azərtac)
Şərhlər