İşğalçı ölkənin daha bir qorxulu “röyası” çin olur - Blokadaya Gürcüstan da qoşulur

26.10.2017 12:03     Dünyadan reaksiya     1622

İşğalçı ölkənin daha bir qorxulu “röyası” çin olur; gürcü politoloq: “Ermənistan dünya iqtisadiyyatına qovuşmaq istəyirsə...”

Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin altını, belə görünür ki, hələ çox çəkəcək. Gerçək belədir ki, Dağlıq Qarabağ məsələsində tutduğu haqsız və əsassız mövqeyi üzündən getdikcə daha ağır izolyasiyaya tuş gələn, bir-birinin ardınca regional iqtisadi, energetik layihələrdən (Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, tikilməkdə olan Cənub Qaz Dəhlizi) aralı salınan işğalçı ölkə paralel surətdə Rusiyadan daha güclü asılılığa düşməkdə, sürətlə boşalmaqda, olan-qalan suverenliyini də itirməkdədir. İqtisadi göstəricilərin ilbəil pisləşməsi də öz yerində.

Ən böyük problem isə, erməni iqtisadçıların da etiraf elədikləri kimi, blokada rejimidir. Aydındır ki, öz qonşuları ilə normal münasibət saxlamaq istəməyən, hər hansı sanballı yeraltı sərvətdən məhrum və müharibə şəraitində olan heç bir ölkə inkişaf edə və dünya iqtisadiyyatına inteqrasiya oluna bilməz. Ermənistanın isə üstəlik, dünya okeanına çıxışı yoxdur.

***

Təcavüzkar üçün daha bir pis xəbər odur ki, Ermənistana qarşı izolyasiya siyasətinə getdikcə qonşu Gürcüstan da qoşulmaqdadır. Yaxud qoşulmaq zorundadır - təbii ki, Türkiyə və Azərbaycanla genişlənən əməkdaşlığın məntiqi diktəsi olaraq. Artıq başa çatan Bakı-Tiflis-Qars dəmir yolu layihəsi bu qəbildəndir. Beləcə, Gürcüstanın da faktiki şəkildə işğalçıya qarşı izolyasiyaya cəlb edilməsi rəsmi İrəvana öz qonşuları ilə nə qədər gec deyil, dil tapmalı olması haqda növbəti bir siqnaldır.

Image result for BTQ layihəsi

Əfsus ki, Ermənistan rəhbərliyi ilk növbədə bu barədə düşünmək əvəzinə, illərdir Azərbaycana, Türkiyəyə, hətta Gürcüstana qarşı torpaq iddialarından əl çəkmir. 10 il öncə (2007) BTQ layihəsi işə düşəndə isə Ermənistan, erməni lobbisi, xüsusən də ABŞ-dakı erməni diasporu əlindən gələni elədi, ABŞ Konqresini belə işə qoşdu ki, layihə əngəllənsin.

Lakin nə qədər salışsalar da, bədxahlar, məkrli dairələr öz istəklərinə nail ola bilmədilər. Azərbaycanın əsas maliyyə sponsorluğu elədiyi bu strateji əhəmiyyətli dəmiryolu artıq hazırdır və dünən BTQ dəmir yolundan keçəcək ilk yük həmin yolla göndərilib. Belə ki, Qazaxıstanın Kustanay stansiyasından 82 konteynerlik yük qatarı Türkiyənin Mersin stansiyasına yola salınıb. Bu barədə “AzrRusTrans” məlumat yayıb. Oktyabrın 30-da isə Bakıda yeni dəmir yolunun təntənəli açılış mərasimi olacaq.

***

Erməni qaynaqlarının yazdıqlarından qənaət hasil olur ki, bu xəbər gözlənildiyi kimi, düşmən ölkəni xoflandırıb. Məsələn, musavat.com-un məlumatına görə, lragir.am saytının əməkdaşının BTQ dəmir yolunun işə salınmasının əhəmiyyəti barədə gürcü politoloq, Tiflisdəki Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Kaxa Qoqolaşviliyə ünvanladığı suallardan bu təlaşlı ovqatı qabarıq görmək olar.

Yeni dəmir yolunun əhəmiyyəti ilə bağlı erməni müxbirin sualına gürcü ekspertin cavabı yəqin ki, erməni tərəfini daha pəjmürdə edəcək: “Fikrimcə, Gürcüstan üçün Avropa ilə dəmir yolu əlaqəsi olduqca vacibdir. Bakı-Tiflis-Qars dəmir yolunun işı salınması ölkəmizə Avropa istiqamətində effektli yükdaşıma və öz ticarətini inkişaf etdirmək imkanı yaradacaq. Asiya ilə Avropa arasında körpünün işə salınması Gürcüstan üçün olduqca vacibdir. Bu, - geosiyasi bir funksiyadır”.     

Image result for Azərbaycan Türkiyə Gürcüstan

Daha sonra erməni jurnalist “BTQ Ermənistanın izolyasiyasını daha da pisləşdirə bilərmi” sualını verib. Politoloqun cavabı isə müəyyən mənada diplomatik olub: “Biz ona çalışmalıyıq ki, bu yolla Avropaya erməni malları da yola salınsın. Başa düşürük ki, Türkiyə ilə Ermənistanın münasibətləri yaxşı deyil və yəqin ki, Türkiyə tərəfi erməni yüklərinin daşınmasına qarşı olacaq. Ancaq fikrimcə, gələcəkdə Ermənistan bu yoldan istifadə edə biləcək - necə ki, indi öz yüklərini Avropaya göndərmək üçün gürcü limanlarından istifadə edə bilir. Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistan üçün həm də dünya iqtisadiyyatına qovuşmaq üçün əsl sıçrayış olardı. Gələcəkdə yəqin ki, belə də olacaq. Bundan ötrü siyasi ziddiyyətlərin aradan qaldırılması üçün hər şeyi eləmək lazımdır”.

***

Ancaq aydındır ki, Türkiyə qeyd-şərtsiz, Azərbaycanın maraqlarını, Dağlıq Qarabağ məsələsini ciddiyə almadan Ermənistanla əlaqələri bərpa eləməyəcək. Bundan ötrü əsas şərtlər bəllidir: saxta soyqırım iddialarından imtina və ölkəmizin ərazi bütövlüyünün tanınması - yəni işğalçı qüvvələrin qeyd-şərtsiz Dağlıq Qarabağ və ətraf yeddi rayondan çıxarılması.

Yalnız bundan sonra Ermənistana Avropaya əlverişli nəqliyyat çıxışı üçün, regional meqa-layihələrə qoşulmaq üçün “yaşıl işıq” yandırıla bilər. Əks halda, Ermənistan Rusiyanın vassalı qalmaqda davam edəcək və sovetdən qalma iqtisadiyyatı heç vaxt “rüşeym” halından çıxmayacaq. Paralel surətdə onun tranzit ərazi kimi olan-qalan önəmi də sıfırlanacaq.

Qısası, həmişəki kimi, seçim yenə Ermənistanın, daha dəqiqi, erməni xalqınındır. Bir rus məsəlində deyildiyi kimi, “Suda batanın problemi öncə suda batanın problemidir”. Yəni ən əvvəl o, özü-özünə kömək etməyə cəhd göstərməlidir, nəinki başqasından imdad diləməlidir.

Sual da budur: edəcəkmi?

Reaksiya.az

Şərhlər