Yalanlarla İrəvana xidmət...

06.11.2017 14:39     Dünyadan reaksiya     1403

Fransanın “Mediapart” portalının bloqunda “Roşebluan: lobbiçilik və yalanlarla Ermənistanın xidmətində” adlı məqalə dərc edilib.

Məqalədə bəzi Fransa parlamentarilərinin, xüsusilə də keçmiş deputat Fransua Roşebluanın erməni lobbisinə xidmət etməsindən bəhs olunur.

Müəllif bildirir ki, Fransanın keçmiş parlamentarisinin öz şəxsi və lobbiçilik maraqları üçün dünyəvi respublika olan, bütün dini azlıqların hüquqlarının qorunduğu Azərbaycan kimi bir ölkə haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirmək, onun imicinə xələl gətirmək cəhdləri rüsvayçılıqdır. Roşebluanın müsəlman icmasının çox olduğu Fransa kimi bir ölkədə İslam dinini islamizm kimi təqdim etməsi təhlükəli bir addımdır. Keçmiş deputatın bu addımı əslində birbaşa ölkənin təhlükəsizliyinə təsir edə bilər. Təəssüflər olsun ki, gizli islamofobiya meyilləri onsuz da Fransada çoxdur.

Məqalədə qeyd edilir ki, Fransua Roşebluan Luar departamentinin 3-cü seçki dairəsindən 30 il deputat olub. Bu müddət ərzində Milli Assambleyada eyni amallar uğrunda mübarizə aparıb: ermənilərin müdafiəsi. 2015-ci ildə Fransada erməni soyqırımının tanınması məhz onun xidmətləridir. O, həmişə çalışıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, BMT-nin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edən 4 qətnamə qəbul etməsi kimi məsələlər həmişə diqqətdən kənarda qalsın. Uzun müddət Azərbaycan əleyhinə işləyən Fransa-Qarabağ Dərnəyinin, sonradan Milli Assambleyada Fransa-Ermənistan dostluq qrupunun sədri olmuş Roşebluan artıq deputat olmasa da, yenə də mənəviyyatdan uzaq əməllərini davam etdirir, Azərbaycanla möhkəm əlaqələri olan Fransanın maraqlarına zidd gedir. O, II Dünya müharibəsi zamanı Hitler rejimi altında nasistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə bu yaxınlarda abidə ucaltdırıb. Buna necə susmaq olar? Roşebluan hər şeyə hazırdır, təki nəyin bahasına olursa-olsun Ermənistanı müdafiə etdiyini göstərsin.

Müəllif yazır: “Azərbaycan kimi açıq bir ölkə necə islamçı kimi qələmə verilə və bu da cəzasız qala bilər, hansı media bunun yalan olmasına susa bilər? İsraillə yaxın əlaqəsi olan, bir çox yerlərdə, xüsusilə də Fransada kilsələrin bərpasını maliyyələşdirən bir ölkə haqqında bunu necə demək olar? Keçmiş deputatın Orli hava limanında Türkiyə Hava Yollarına məxsus bölmədə törətdiyi terror aktı nəticəsində 8 nəfərin ölümünə səbəb olmuş ASALA terror təşkilatını mühakimə etdiyi eşidilibmi? O, 2001-ci il sentyabrın 11-dən Bakının terrorizmə qarşı beynəlxalq mübarizədə fəal iştirak etdiyini xatırlatmağa cürət edərmi? Əlbəttə ki, yox”.

Yazıda vurğulanır ki, Azərbaycan Fransanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarına töhfə verir. Azərbaycan hərbiçiləri NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarında iştirak edir.

Qeyd edilir ki, Roşebluan həqiqəti görmək üçün Bakıya getməlidir. O gedib görməlidir ki, Bakı müasir, Qərbin bütün məşhur brendlərinin, dünya memarlarının əsərlərinin olduğu, qadınlara azadlıq verilmiş, bütün azlıqlara açıq bir ölkənin paytaxtıdır. Ancaq Roşebluan saxta, hətta böhtan dolu iddialar irəli sürməkdə davam edir və Azərbaycanın imicinə ziyan vurmağa çalışır. O, hətta Azərbaycana bu ölkədəki “vəziyyət”lə tanış olmaq üçün parlamentarilərdən ibarət komissiya göndərməyə cəhd edib. Lakin onun bu layihəsi məğlubiyyətə uğrayıb. Ən azından, bu məğlubiyyət ədalətin zəfəridir. KİV, siyasətçilər səhvlərini düzəldənədək, Yerevan və onun diasporunun 20 ildir dirijorluq etdiyi genişmiqyaslı manipulyasiyanı başa düşənədək bu məğlubiyyət ədalətin zəfəridir. Roşebluan isə bu manipulyasiyanın yalançı aktyorlarından biridir.

Reaksiya.az

Şərhlər