ABŞ-ın Xamenei xəttini müdafiə etməsinin - Şok səbəbi

04.01.2018 14:48     Dünyadan reaksiya     1851

ABŞ və İsrail kəşfiyyatlarının İran daxilində eyni anda 40 şəhərdə xalqı ayağa qaldıracaq qədər güclü mövqelərə sahib olduqları inandırıcı görünmür. Xarici dairələr, onların yerlərdəki casusları sadəcə, müxtəlif provokativ əməllərlə etirazları qızışdıra, meydanlara çıxmış kütləni hansısa istiqamətə yönəldə bilər. ABŞ və İsrailin (ola bilsin, həm də Səudiyyə Ərəbistanının) bu gücü var, məsələn, İranda vaxtilə nüvə alimlərinin ardıcıl şəkildə aradan götürülməsini xatırlayaq.

Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, ilk baxışdan paradoks kimi görünsə də, İsrail və ABŞ-ın indiki rəhbərliyi İranda Ruhaninin deyil, mühafizəkarların və Xameneinin xəttinin qalib olmasında maraqlıdır:

“Çünki bu halda İran yenidən öz içinə qapanaraq Şimali Koreyanın cizgisinə yaxınlaşacaq, bu isə həm daxili gərginliyin səngiməsinə imkan verməyəcək, həm də İranın xarici dəstəyini minimallaşdıracaq. Belə olan təqdirdə ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxmasına Avropa Birliyi hazırda olduğu kimi ciddi müqavimət göstərə bilməyəcək. Qərblə dialoqa açıq olan Ruhaninin İranındansa, Xameneinin təcrid olunmuş İranını küncə sıxmaq və cəzalandırmaq daha asandır. Yəni, etirazlarda daxili amillərin birinci dərəcəli rol oynadığına və insanların hürr iradələri ilə meydanlara çıxdığına şübhə etmirəm. Lakin bununla yanaşı, bir mühüm amili gözardı etmək olmaz: ABŞ-ın İran siyasəti dəyişdi”.

Politoloq vurğulayıb ki, Obama İranı dünyadan təcrid edib sanksiya məngənəsində sıxmaqla orada rejim dəyişikliyinə nail olmaq doktrinasından vaz keçərək, bu ölkəni konstruktiv əməkdaşlıq müstəvisinə cəlb etmək yolu ilə onu "zərərsizləşdirməyə" üstünlük vermişdi:

“Obama dövrü İrandakı klerikal rejimin qızıl dövrü idi. Lakin İranla imzalanmış nüvə anlaşmasının bu baxımdan - ABŞ-ın maraqları nöqteyi-nəzərindən nə dərəcədə uğurlu olduğu mübahisə mövzusudur. Anlaşma bir tərəfdən İranın nüvə proqramının inkişafının qarşısını alır, amma digər tərəfdən proqramı ləğv etmir və İranın xarici siyasət məqsədlərinə də (məsələn, İsraili xəritədən silmək) hər hansı təsiri yoxdur. Obama nüvə anlaşmasının imzalanmasına o qədər konsentrasiya olmuşdu ki, İranın bölgədə əl-qol açmasına, ekspansiya siyasətinə əngəl törətməyi lazım bilməmişdi. O, hətta anlaşma əldə edilməsinə mane ola biləcək bəzi hadisələri görməzdən gəlmişdi. Məsələn, ötən günlərdə ABŞ mediasında ("Politico" nəşrində) məlumat yayıldı ki, Obama ABŞ Narkotiklərə Qarşı Mübarizə İdarəsinin (DEA) Hizbullahın beynəlxalq narkotrafik, silah qaçaqmalçılığı və çirkli pulların yuyulması fəaliyyəti ilə bağlı apardığı istintaqa və bu şəbəkənin ifşasına mane olub. Əməliyyat son anda Obama administrasiyasının müdaxiləsi ilə dayandırılıb. Bundan başqa da kifayət qədər çox iddialar səsləndirilir".

Politoloqun sözlərinə görə, Tramp gəldikdən sonra İran siyasətinin dəyişəcəyi aydın idi və dəyişdi:

“Tramp ötən ilin sentyabrında BMT-dəki çıxışında İranla bağlı bunları demişdi: "Bütün dünya bilir ki, İranın gözəl xalqı dəyişiklik istəyir və bu ölkənin liderləri ABŞ-ın hərbi qüdrətindən daha çox, məhz öz xalqından qorxur”. Bu sözlər ABŞ-ın İranda rejim dəyişikliyi siyasətinə qayıtdığına işarə idi. Bir sözlə, Trampın yazılı çıxışlarını ciddiyə almaq lazımdır. Mərkəzi Kəşfiyyat İdarəsinin başındakı şəxs də bu siyasətin fəal tərəfdarıdır və onun ötən 1 illik müddətdə təşkilatın gücünü yenidən bu istiqamətə yönəltdiyini təxmin etmək olar. Ötən həftə İsrail mediası xəbər yaydı ki, noyabrın əvvəllərində ABŞ və İsrail kəşfiyyat-təhlükəsizlik strukturları İrana qarşı birgə fəaliyyət barədə razılığa gələrək bu məqsədlə 4 xüsusi qrup yaradıblar. Bu qruplar İranın nüvə, raket proqramlarının inkişafına, Suriyada və İraqda möhkəmlənməsinə, "Hizbullah"a dəstəyinə qarşı tədbirlər planı hazırlamalıdır. ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında da İran terrorçu dövlət elan olaraq hədəf taxtasına qoyulub. Bir sözlə, İran üçün çətin günlər başlayıb".

Reaksiya.az

 

Şərhlər