Ermənilər Serj prezidentliyə namizəd axtarır
13.01.2018 15:34 Dünyadan reaksiya 2066
Ermənistan prezidenti Serj Sərkisyan ölkənin 4-cü prezidentinin parlamentin böyük səs çoxluğu ilə seçilməsini arzu etdiyini bildirib.
“Azadlıq” radiosunun Ermənistan bürosunun (Radio Azatutyun) yaydığı xəbərdə bildirir ki, Sərkisyan bunu parlament üzvləri ilə keçirdiyi görüşdə bildirib.
Qeyd olunur ki, yeni konstitusiyaya görə, apreldən sonra ölkənin birinci şəxsi artıq prezident deyil, baş nazir olacaq. Prezident parlament tərəfindən 7 illiyə seçiləcək. Bunun üçün namizəd deputatların dörddə üçünün səsini, yəni 105 deputatdan 79-nun dəstəyini qazanmalıdır. Əgər prezident ilk turda seçilməsə 2-ci, 3-cü tur belə keçirilə bilər.
“Azadlıq” radiosunun Ermənistan bürsounun məlumatına görə, hələ ki nə iqtidar partiyası ERP-dən, nə də onun əl müxalifəti “Tsarukyan” blokundan konkret namzisədlə bağlı səs-səmir gəlmir.
Serj Sərkisyanla görüşdə parlamentin sədri Ara Babloyan, onun müavinləri, habelə fraksiyaların rəhbərləri və komissiya sədrləri iştirak ediblər.
Müxalif kəsimdən “Tsarukyan” blokunu lider Qagik Tsarukyan özü təmsil edib. Digər müxalifət fraksiyası, “Yelk” isə görüşü boykot edib. Fraskiyanın lideri Nikol Paşinyan hətta parlament sədrini və komissiya rəhbərlərini də prezidentlə görüşə getməməyə çağırıb.
Paşinyanın fikrincə, Sərkisyan Milli Assambleyanı ayağına çağırmaqla onu təhqir edir və ələ salır.
Ermənistanın parlamentdən kənarda qalan siyasi qüvvələri isə yeni ildə ölkədə baş alıb gedən bahalaşmanın kritik həddə çatdığını bildirərək, bunun qarşısının almağın yeganə yolunun hakimiyyətin dəyişməsində, iqtidara yaxın monopoliyaların ləğvində gördüklərini söyləyiblər.
“Erkir tsirani” partiyasının lideri Zarui Postancyan bahalaşmaya Ermənistanın siyasi sisteminin böhranı olaraq baxdıqlarını söyləyib.
Postancyan bunun çarəsinin ölkədə köklü sistem dəyişikliyinə yol aça biləcək ümumerməni üsyanında olduğunu qeyd edib.
“Əks halda bu bahalaşmanın qabağını ala biləcək heç bir mexanizm olmayacaq. Tam əksinə, günü-gündən pisləşən iqtisadi göstəricilərə, yüksələn dövlət borcuna, qocalan əhaliyə, arası kəsilməyən emiqrasiyaya görə biz daha böyük qiymət artımlarının şahidləri olacağıq”, - Postancyan bildirib.
“İrs” partiyasının sədri Armen Martirosyan iqtisadiyyatın bütün sahələrində bahalığın artmasının əhalinin vəziyyətini daha da ağırlaşdırcağını bildirib. Martirosyan buna əsas səbəb olaraq Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasında görür. Onun fikrincə, quruma üzv olmaqla əlaqədar gəlir vergisində yaranan problemlər büdcəyə vəsait gətirmək əvəzinə onu daha da qaçırmağa imkan verməkdən başqa bir
işə yaramayıb.
“Erməni Milli Konqresi” partiyasının (Levon Ter-Petrosyan-red.) sədr müavini Aram Manukyan isə emiqrasiyanın artması fonunda Ermənistan hakimiyyətinin vergi və rüsumları artıraraq ölkədə qiymət yüksəlişinə şərait yaratdığını qeyd edib.
“Nə qədər ki, Ermənistan sülhə razı deyil, iqtidarın götürdüyü yarımhərbi kurs ölkəni dağıdacaq, onun iqtisaidyyatını məhv edəcək və emiqrasiyanın sürətlənməsinə şərait yaradacaq”, - Manukyan bildirib.
Şərhlər