Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi - böyük əməliyyat
22.01.2018 17:33 Dünyadan reaksiya 1565
Politoloq: “Türkiyənin qarşısında duran ABŞ idi ki, artıq o da yanlış addım atdığını anladı...”
Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və “Azad Suriya Ordusu” müxalifət birləşmələrinə dəstək göstərir. Bu barədə Türkiyədə hərbi mənbələr məlumat yayıb. Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.
Türkiyə Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara şənbə günü başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.
Yanvarın 20-də partiyasının qrup toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalı terror şəbəkələrindən təmizlənənə qədər hərbi əməliyyatlar davam edəcək. O həmçinin vurğulayıb ki, Afrindən sonra Menbiç şəhəri də PYD-li terrorçulardan təmizlənəcək: “Biz onlara dəfələrlə Afrin və Menbiçdən çıxmalı olduqlarını xatırlatdıq. Onları himayə edən ABŞ bizə söz verdi, amma sözünün üstündə durmadı. Biz də məcbur öz göbəyimizi özümüz kəsməyə qərar verdik”.
O, həmçinin Qərb dövlətlərinə müraciət edərək bildirib: “Sizin 3,5 milyon qaçqınla bağlı bir dərdiniz yoxdurmu?! Bu insanların nə yeyib, nə içdiyi sizi maraqlandırmırmı? Bu günədək siz bunlarla bağlı nə iş görmüşük. Məsələ barədə danışan politoloq Qabil Hüseynli söylədi ki, problemin mürəkkəb tərəfi kimi bölgədə həm ABŞ, həm də Rusiya hərbçilərinin olmasını göstərdi: “Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar və MİT rəhbəri Hakan Fidan Moskvaya getdilər. Orada belə nəzərə çarpdı ki, sanki rusların qoşunlarını Afrindən geri çəkmələri üçün razılaşma əldə olundu. Ancaq üstündən bir gün keçdikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verdi ki, ruslar geri çəkilmirlər və bu fikirdə də deyillər. Belə bir şəraitdə Ərdoğan isə söylədi ki, biz A planını deyil, B planını işə salırıq. Yəni bildirdi ki, onsuz da bu bölgəni 4 nöqtədən hədəfə götürmüşük və bu hədəflər zamanı rus və ya ABŞ hərbiçilərinə ziyan verməməklə əsasən PKK-nı hədəfə alıb, əməliyyatları həyata keçirəcəyik. Yalnız bir təhlükə qalırdı ki, Suriya çox ədalı formada bildirmişdi ki, ərazilərinə keçən Türkiyə Hava Qüvvələrinin təyyarələri yerindəcə məhv ediləcək. Zənnimcə, bu söz Suriyanın deyildi. Suriya, əsasən ərazilərində olan Rusiyanın hava hücumundan müdafiə sistemlərinə arxayın olaraq belə bir fikirlər səsləndirirdi. Ona görə də birinci gün Türkiyənin F-16 qırıcı təyyarələri Afrin bölgəsinə vurduqları zərbələri Suriya ərazisinə daxil olmadan, Türkiyə hava məkanında sərhədboyu uçuşlar həyata keçirərək endirdilər. Bu məsələdə çıxış yolu tapıldı və hərbi hava qüvvələri Türkiyə ərazisində atəş altında olan bölgəni nəzarətə ala bildilər. Tanklar isə 4 bölgədə yerləşdirilib.
Şərhlər