Kiyevdən Ərdoğana dəstək - BMT-də sui-istifadə...

03.02.2018 15:01     Dünyadan reaksiya     1497

Ukraynanın BMT-dəki nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasını qurumda islahatlar keçirilməsini, hər şeydən əvvəl veto hüququnun tətbiqinin prosedurlarının dəyişdirilməsini tələb edib.

Bununla bağlı məlumat Ukraynanın nümayəndə heyətinin bəyanatında deyilir.

“Danışıqlar zamanı xüsusi diqqət veto hüququ və Təhlükəsizlik Şurasının işçi metodları kimi məsələlərə ayırmaq lazımdır”, - Nyu Yorkda iclas zamanı Ukrayna missiyası vurğulayıb.

Ukrayna nümayəndə heyəti bildirib ki, son illərdə veto hüququ ilə sui-istifadə halları həddən artıq müşahidə edilir.

Qeyd edək ki, Krım ilhaqı və Donbasının bir hissəsinin işğalı ilə bağlı hazırlanan qətnamələrə mütəmadi olaraq Rusiya tərəfindən veto qoyulur.

BMT Təhlükəsizlik Şurası 5-i daimi, 10-u qeyri-daimi olmaqla 15 üzvdən ibarətdir. Rusiya, ABŞ, Fransa, Çin və Böyük Britaniya Təhlükəsizlik Şurasının istənilən qətnaməsini bloklayan veto hüququna malikdir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi ilə tələblər son illər artıb. Bu tələbləri ən aktiv şəkildə səsləndirənlərdən biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. O, dəfələrlə bildrib ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bütün dünyaya necə yaşamağı diktə etməsi yolverilməz və ədalətsizdir.

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn da ötən il BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ilə bağlı çıxış edib. Əl-Hüseyni bunun ciddi cinayətlərin qarşısını alacaq qərarların qəbulu ilə əsaslandırıb. Komissar deyib ki, hərbi cinayətlərin həlli və genosid məsələlərində veto hüququnu məhdudlaşdırmaq lazımdır.

Reaksiya.az

Şərhlər