BMT TŞ-dən ikibaşlı Suriya qərarı - hədəf Türkiyə, yoxsa...

26.02.2018 11:39     Dünyadan reaksiya     1476

30 günlük atəşkəs haqda qərar Afrin əməliyyatına şamil olunacaqmı? Yerli ekspertlər “yox” deyir, ancaq...

BMT Təhlükəsizlik Şurası Suriyada ən azı 30 gün müddətində atəşkəs elan olunması ilə bağlı qərar qəbul edib. Qərar layihəsinə əsasən, qarşıdakı 3 gün ərzində Suriya ərazisində humanitar yardımların çatdırılması, yaralıların və xəstələrin təhlükəli bölgələrdən çıxarılması üçün 30 günlük atəşkəs elan olunacaq.

Qərar layihəsinin müəllifi Küveyt və İsveç hökumətləri olub. Layihədə göstərilib ki, atəşkəsin əsas məqsədi humanitar yardımların təhlükəsiz, maneəsiz və davamlı bir şəkildə çatdırılması, xüsusən də Şərqi Qutada xəstə və yaralıların təxliyəsini təmin etmək üçün tərəflər gecikmədən atəşi ən azı 1 ay dayandırmalıdır.

Qeyd edək ki, atəşkəs qərarında Suriyanın bütün əraziləri qeyd olunsa da, əslində söhbət Şərqi Quta bölgəsindən gedir. Dəməşqin yaxınlığında yerləşən bu kisik ərazi Suriyada silahlı toqquşmalar başlayandan bu yana silahlı müxaliflərin nəzarətindədir. Məntəqədə əsasən “Ceyşl əl-İslam” və Nusra Cəbhəsi silahlıları üstünlük təşkil edir. Ötən ay İdlibin cənubunda geniş miqyaslı əməliyyatlar həyata keçirən Suriya hökuməti keçən həftə qüvvələri Şərqi Quta ətrafına toplayıb və əraziyə hücum əməliyyatı başladıb. Son bir həftədə Şərqi Qutada hava zərbələri və atışmalar nəticəsində 400-dən çox insan ölüb, 2 mindən çox yaralı var. Görünən odur ki, Suriya hakimiyyəti əsas güclərin başı şimalda qarışdığı bir zamanda Şərqi Quta kimi kiçik, amma “başağrısı” olan bölgələri təmizləməyə qərar verib.

nusra cephesi suriyede ile ilgili görsel sonucu

Ancaq məsələ ondadır ki, atəşkəs terror təşkilatlarını əhatə etmir. Yəni İŞİD, eləcə də əl-Qaidənin Suriya qolu hesab olunan “Nusra Cəbhəsi”, “Əhrar əş-Şam” kimi və ya onlara bağlı terrorçu qruplara qarşı mübarizə davam edəcək. İndi isə əsas sual ondan ibarətdir ki, Şərqi Qutadakı radikal silahlı terrorçular bu atəşkəsə daxil olacaqmı?

Daha bir sual Türkiyənin Afrindəki antiterror əməliyyatları ilə bağlıdır. BMT TŞ-nin son qərarı bütün Suriya ərazisini əhatə edir. Yəni atəşkəs qanunla həm də Afrindəki əməliyyatlara da aid edilməlidir. Afrində Türkiyə ordusunun yanvarın 20-dən başlatdığı “Zeytun budağı” əməliyyatı isə davam edir. Bəs Türkiyə Afrin əməliyyatını dayandıracaqmı?

Yusuf Alabarda ile ilgili görsel sonucu

Türkiyədə yaşayan təhlükəsizlik və müdafiə sahəsində mütəxəssis Yusuf Alabarda “A xəbər” kanalına açıqlamasında bildirib ki, atəşkəslə bağlı qərarın mətnində bu atəşkəsin terror təşkilatlarını əhatə etmədiyi qeyd olunub: “Türkiyə ”Zeytun budağı" əməliyyatının Afrində məskən salan PKK/PYD və İŞİD kimi terror təşkilatlarına qarşı başladıldığını hələ bir ay əvvəl bütün dünyaya elan edib. Yəni dolayısı ilə BMT TŞ-nin atəşkəs qərarı heç bir halda Türkiyə ordusunun Afrində apardığı anti-terror əməliyyatına təsir edə bilməz".

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay isə “Yeni Müsavat”a verdiyi açıqlamada BMT TŞ-nin Suriyada atəşkəs qərarının Türkiyədə razılıqla qarşılandığını bildirdi. H.Oktayın fikrincə, bu qərar mülki əhaliyə qarşı həyata keçirilən bombardmanların dayanması və əhaliyə yardımın çatıdırılması ilə bağlı problemi həll etmiş olacaq:“Türkiyə 30 günlük atəşkəsdən məmnundur. Orada mülki əhaliyə yardım çatdırılması və hücumların dayandırılması üçün atəşkəsə ehtiyac vardı. Eyni zamanda mülki əhaliyə qarşı hücumların dayandırılması və terrorçulara qarşı əməliyyatların davam etdirilməsi Suriyanın özünün ərazi bütövlüyünün təmini baxımdan əlverişlidir. Türkiyə dövləti də Suriya ilə bağlı mövqeyinə sadiqdir. Bu ölkədə sülhün əldə olunması və terrora qarşı mübarizənin aparılmasını müdafiə edir”.

BMT TŞ ile ilgili görsel sonucu

Hasan Oktay deyir ki, qərar Suriyada terror təşkilatlarına qarşı əməliyyatları nəzərdə tutmadığı üçün “Zeytun budağı” əməliyyatı davam edəcək.

Ancaq məsələ ondadır ki, qərar mətnində “terror təşkilatları” ifadəsi olsa da, konkret olaraq İŞİD, “əl-Qaidə” bağlantısı olan terror təşkilatlarının adı çəkilir. Və təbii ki, bu siyahıda YPG və ya PKK-nın adı yoxdur.  Bu da PYD üçün fürsət yaradır. Bu səbəbdən ekspert şərhlərindən fərqli olaraq verilən siyasi qərarların və rəsmi açıqlamaları gözləmək lazım gələcək. Ehtimal etmək olar ki, qərar layihəsində, sadəcə Şərqi Quta deyil, bütövlükdə Suriyaya aid edilməsi məqsədli olmaqla Afrin əməliyyatının dayandırılması istəyi də gizlənir.

Reaksiya.az

Şərhlər