Yaponiya hökuməti İmperatorun taxtdan imtinasına yol açan xüsusi fərman verib

07.03.2018 11:08     Dünyadan reaksiya     1382

Yaponiya hökuməti İmperator Akihitonun taxtdan imtinasına yol açan xüsusi fərman verib.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən mətbuat konfransında söyləyib.

Sənədə əsasən, İmperatorun və həyat yoldaşının imtiyazları, o cümlədən maliyyələşmə, mühafizə xidməti və digər üstünlükləri taxtı tərk etdikdən sonra da saxlanacaq. Baş katib deyib: “Əlahəzrətin taxtdan imtinası ilə bağlı çoxsaylı problemlər hələ də qalmaqdadır. Unutmaq olmaz ki, bu, müasir, konstitusiyalı quruluşa və parlament demokratiyasına malik Yaponiyada ilk dəfə baş verən təkrarolunmaz hadisədir”.

Fərman 2019-cu il aprelin 30-da dövlət səviyyəsində taxtdan imtina mərasiminin təşkilinə icazə verir. Tədbirin proqramı martın ortalarında hazırlanacaq. Mərasimdə Baş nazir Şinzo Abenin İmperatora xalq adından minnətdarlıq nitqi ilə müraciət edəcəyi nəzərdə tutulur. Bundan sonra İmperator Akihito son rəsmi nitqini söyləyəcək. Mərasimin sadəliyi ilə seçiləcəyi, burada parlament rəhbərləri, cəmiyyətin tanınmış simaları ilə birlikdə 300 nəfərin iştirak edəcəyi gözlənilir.

Ertəsi gün mayın 1-də Akihitonun böyük oğlu, 58 yaşlı vəliəhd-şahzadə Naruhitonun taxta çıxma mərasimi keçiriləcək.

Reaksiya.az

Şərhlər