Şimali Koreya liderindən tarixi səfər
28.03.2018 11:50 Dünyadan reaksiya 1351
Kim Çen In Donald Trampla görüşə hazır olduğunu bəyan edib
Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, Tokio Şimali Koreya liderinin Çin səfərinə böyük maraq göstərir və Pekindən bu məsələyə izahat gözləyir.
Bu səfər Tokioda birmənalı qarşılanmayıb.
"Biz bu səfərə böyük maraq göstəririk, informasiyaları toplayırıq və analiz edirik. Çindən məsələyə ətraflı şərh verməsinin istəyirik" — deyə yapon baş nazir bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In 25-28 mart tarixlərində öz xanımı ilə birlikdə Pekinə sirrli səfər edib. Onun bu səfəri barədə məlumat yalnız o, Çinin hökumət qatarı ilə səfərini başa çatdırandan sonra yayılıb.
Bu, Şimali Koreya lideri Kim Çen Inın prezidentliyi dövründə ilk xarici səfəridir. O, Pekində Çin sədri Si Szinpinlə görüşüb.
Kim Çen In səfəri zamanı maraqlı açıqlamalar verib. Deyib ki, ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa, bu ölkələrin liderləri ilə görüşməyə hazırdır.
Çin sədri görüş zamanı öz növbəsində deyib ki, Pekin xalqların rifahının yaxşılaşdırılması, regionda sülh və sabitliyin möhkəmləndirilməsi naminə iki ölkənin qarşılıqlı maraqlarının qorunmasında maraqlıdır. Onun ölkəsi sülh naminə Pxenyanla əməkdaşlığın davam etdirilməsini təmin edəcək.
Kim Çen In da öz növbəsində bildirib ki, KXDR rəhbərliyi hər zaman Çinlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük diqqət yetirir.
"Çinlə dostluğun inkişafı bizim seçimimizdir və heç nə bizim mövqeyimizi dəyişdirə bilməz" — deyə KXDR lideri bildirib.(sputnik)
Şərhlər