Koreya XİN başçısı Bakıda bu mesajı verməyə çalışacaq

04.04.2018 13:14     Dünyadan reaksiya     1474

Ölkəmiz qarşıdakı günlərdə növbəti mötəbər tədbirə ev sahibliyi edəcək. Aprelin 5-6-da Bakıda Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı baş tutacaq.

Bunu teleqraf-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə təsis edilib:

“Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə “Soyuq müharibə” və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoyman Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, “Soyuq müharibə”nin başa çatmasına baxmayaraq, hərəkat öz aktuallığını qoruyub saxlayıb və öz sıralarını daha da genişləndirib. Son 25 il ərzində hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub”.

Politoloq qeyd edib ki, 2019-cu ildə Bakıda keçiriləcək XVIII sammit rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu ildə keçirilən Belqrad sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq:

“Qoşulmama Hərəkatı yarandığı vaxtdan bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib. Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilib.

Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır. Lakin hələ də hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək iş çoxdur”.

Müsahibimiz əlavə edib ki, Bakıda baş tutacaq tədbirin digər mühüm məqamı Şimali Koreyanın Xarici İşlər naziri Li Yonq Honun Azərbaycana gəlməsindən ibarətdir:

“Bildiyiniz kimi, 2017-ci ilin sonlarından etibarən Şimali Koreyanın xarici siyasətində yumşalma hiss olunmaqdadır. Xüsusilə, Cənubi Koreya ilə münasibətlərdə “buzların əriməsi”, əlaqələrin qurulması diqqət çəkən məqamlardandır.

Digər tərəfdən Şimali Koreya lideri Kim Çen İn hakimiyyəti dövründə ilk xarici səfərini 25-28 mart tarixlərində Çinə edib. O, Pekində Çin Xalq Respublikasının sədri Si Czinpinlə görüşüb. Bu görüş də olduqca diqqət çəkən məqamlarla yadda qalmışdı. Bütün bunları nəzərə aldıqda belə qənaətə gələ bilərik ki, Kim Çen Şimali Koreyanı Çinə bənzər bir ölkə etmək niyyətindədir. Bunun üçün də ilk olaraq beynəlxalq arenada yaxşı imic yaratmaq lazımdır. Düşünürəm ki, Bakıda keçiriləcək Qoşulmama Hərəkatı çərçivəsində aralıq nazirlər konfransına Şimali Koreyanın Xarici İşlər naziri Li Yonq Honun da qatılması Şimali Koreyanın dünya dövlətləri üçün təhlükə yox, Çin kimi tərəfdaş ölkə ola biləcəyini göstərmək məqsədi daşıyır. Çünki Çin və Şimali Koreya eyni siyasi ideoloji xəttə mənsubdur, lakin buna baxmayaraq, Çin dünyanın lider iqtisadiyyatı olmaq yolunda əmin addımlarla irəliləyir. Bu, Şimali Koreya üçün də ən yaxşı örnəkdir. Onu da qeyd edim ki, Li Yonq Ho Bakıdan Moskvaya gedəcək. Rusiya Xarici İşlər Nazirliyi hələ bir müddət öncə Şimali Koreya XİN rəhbərinin Moskvaya səfəri üzərində hazırlıq görüldüyünü açıqlamışdı. Son zamanlar durğunlaşan Rusiya-Şimali Koreya münasibətləri Li Yonq Honun Rusiya səfəri ilə yenidən istiləşə bilər”.

T.Rzayev daha sonra deyib:

“Artıq Şimali Koreya rəhərliyi də başa düşür ki, ölkəni dünyadan təcrid etmək heç də davamlı tədbir deyil. Ölkənin inkişafdan qalması hakimiyyət üçün də təhlükədir. Hazırkı hakimiyyəti qorumaq və ölkəni inkişaf etdirmək istəyirlərsə, dünyaya inteqrasiya əsas şərtdir. Təbii ki, Li Yonq Honun Bakı səfəri bu mənada da önəmli sayıla bilər”.

Reaksiya.az

Şərhlər