ABŞ-ı III Dünya müharibəsinə aparacaq – 3 səbəb
09.04.2018 11:57 Dünyadan reaksiya 1295
Bəzi ekspertlər dünyada hadisələr bu cür davam edəcəyi təqdirdə Üçüncü Dünya müharibəsinin qaçılmaz olacağını iddia edir.
Hətta ABŞ-da keçirilən prezident seçkiləri zamanı Hillari Klintonun qalib gəlməsi ilə yeni dünya müharibəsinin başlanacağı fikirləri gündəmə gəlmişdi. Donald Trampın ABŞ və Rusiya arasında münasibətləri yaxşılaşdıracağı ehtimal olunsa da, bu, baş vermədi. Əksinə, Tramp prezident seçildikdən sonra ABŞ-ın Rusiya ilə əlaqələri qırılma nöqtəsinə gəlib çatdı.
ABŞ gömrük tariflərinə görə artıq Çin ilə maliyyə müharibəsindədir. Prezident Tramp istəyir ki, qlobal ticarəti Amerikanın xeyrinə balanslaşdırsın. Çin isə döyüşsüz təslim olmaq istəmir.
Sonuncu dəfə 1930-cu illərdə ABŞ-ın ticarət müharibəsi ölkə üçün acı nəticələrə səbəb olmuşdu. Həmin vaxt ABŞ-da işsizlik 25 faizə qədər yüksəlmişdi. 1930-cu ildə konqresin qəbul etdiyi qanun layihəsi isə fermerlərin vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmışdı. Bununla ABŞ iqtisadiyyatı müsbətə doğru irəliləməyə başlamışdı.
Nefteyuan
Ötən ay ABŞ dünya bazarında neftedollar statusunu itirdi. Buna səbəb Rusiya və Çinin neft alqı-satqısında yuandan istifadəsi oldu. ABŞ son əsrdə bir çox dünya ölkəsi ilə münasibətləri korlayıb. Buna görə həmin ölkələr də Rusiya və Çinin yeritdiyi siyasəti dəstəkləyiblər. Bu isə ABŞ iqtisadiyyatına və dollarına böyük zərbə deməkdir.
Bu, amerikalılar üçün nə anlama gəlir? İnflyasiya. Əgər dollar dünya bazarında dəyərini itirsə, bu o deməkdir ki, ABŞ-ın bütün idxalı baha başa gələcək. Və ABŞ neftedolları qorumaq üçün müharibəyə başlayacaq.
Rus diplomatların qovulması
ABŞ da “Skripal işi” ilə əlaqədar rus diplomatları deportasiya edən ölkələr sırasındadır. ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya dəstək məqsədi ilə 60 rus diplomatın ölkədən qovulması ilə bağlı qərar qəbul edib. Bu hadisə Tramp administrasiyasının Rusiyaya qarşı hazırladığı sanksiyalar qərarından 11 gün sonra baş verdi.
Rusiya Prezidenti Vladimir Putin “Skripal işi” ilə bağlı verdiyi açıqlamada bildirib ki, Rusiya bütün kimyəvi silahlarını məhv edib. Ancaq Britaniya və ABŞ Putinin bu açıqlamasına məhəl qoymadılar. Bundan sonra, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan etdi ki, Vaşinqton hökuməti yalnız güc dilini anlayır.
Bu hadisələrdən sonra ABŞ Prezidenti Donald Tramp hərbi kabinetin yaradılması ilə bağlı qərar qəbul edib. Ekspertlər Trampın bununla müharibəyə hazırlıq məqsədi gördüyünü deyir. Tramp bu addımla kifayətlənməyib və milli təhlükəsizlik üzrə müşaviri Makmasteri vəzifədən azad edib. Onu Rusiyaya qarşı xüsusi nifrət bəsləyən Con Boltonla əvəz edib. Dövlət katibi Reks Tillersonu istefaya göndərən ABŞ prezidenti onun əvəzinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonu təyin edib. Pompeo İran və Türkiyəyə qarşı antipatiyası ilə tanınır.
Nüvə razılaşması ləğv edilir?
Donald Tramp bu ilin mayında İran və 6-lıq ölkələri arasında bağlanmış nüvə razılaşmasını ləğv edəcəyini açıqlayıb. Trampın yenicə təyin etdiyi müşaviri Bolton verdiyi ilk açıqlamada bu sözləri deyib: “Tehranla nüvə razılaşması ləğv edilməli və İranı bombalamalıyıq”. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi 32 yaşlı Məhəmməd ibn Salmanın ABŞ-a səfəri və burada çıxışı zamanı İranın dini lideri Əli Xameneyini “Yaxın Şərqin Hitleri” adlandırması da növbəti dünya müharibəsində Ər Riyadın Vaşinqtona yaxından dəstək verəcəyi anlamına gəlir.
Bu məsələdə Trampa yaxından kömək edəcək dünya nəhənglərindən biri də İsraildir. İsrail Baş naziri Benyamin Netanyahu bunu açıq şəkildə bəyan edib.
Şərhlər