ABŞ Rusiyaya hücuma keçdi - dollarla dəhşətli zərbə
10.04.2018 15:36 Dünyadan reaksiya 1378
Birləşmiş Ştatlar yeni sanksiyalara start verdi; Rusiyanın sənaye və bank nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb; proseslər Azərbaycan manatına nə dərəcədə təhlükə yaradır?
ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını və milli valyutasını çökdürmək üzrədir. Belə ki, ötən həftə ABŞ hökumətinin prezident Vladimir Putinə yaxın bir qrup oliqarxa, habelə bəzi məmurlara və şirkətlərə qarşı tətbiq etdiyi sərt sanksiyaların təsiri altında Rusiya rublu kəskin dəyər itirməyə başlayıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aprelin 9-da səhər Moskva valyuta birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 1.2 rubla qədər bahalaşıb. Hazırda dolların kursu 60 rubla yaxınlaşır.
Ucuzlaşmanın qarşıdakı günlərdə də davam edəcəyi istisna deyil. Çünki ABŞ Suriya rejiminin şərqi Quta qəsəbəsində kimyəvi silah işlətməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi haqda xəbərdarlıq edib.
Rusiya KİV-lərində yayılan xəbərə görə, aprelin 9-da səhər saatlarından etibarən Moskva birjalarında indekslər 11 faizə qədər aşağı düşüb. Rusiyanın əksər iri sənaye şirkətlərinin, habelə VTB-Bankın və “Sberbank”ın səhmləri kəskin ucuzlaşıb.
Moskva Fond Birjasında eyni zamanda Rusiyanın digər sənaye nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb. Habelə birja indeksi 3 faizdən çox aşağı düşüb. “Nornikel”in səhmləri 7.5 faiz, “Qazprom neft”in səhmləri 4.6 faiz, “Sberbank”ın faizi 4.3 faiz, “Qazprom”un özünün səhmləri 4.2 faiz dəyər itirib. Xatırladaq ki, ABŞ ötən həftə bir qrup rusiyalı oliqarxa və dövlət məmurlarına, habelə hüquqi şəxslərə qarşı sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların təsiri altına düşənlərin ABŞ-dakı aktivləri dondurulacaq, mülklərinə həbs qoyulacaq.
Xəbərlərə görə, Honkonq fond birjasında “Rusal”ın səhmləri birdən-birə 50 faizə qədər dəyər itirib. Hazırda şirkətin bazar dəyəri cəmi 4.47 milyard dollardır. Bu, “Rusal”ın 4.5 milyard dollar dəyər itirməsi deməkdir. Gözlənilir ki, Asiya birjalarının ardınca Avropa və ABŞ birjalarında da “Rusal”ın səhmləri kəskin ucuzlaşacaq.
Qeyd edək ki, bu durumun Azərbaycan manatı üçün də təzyiq yaradacağı istisna edilmir. Hətta bu gün bəzi banklarda dollar satışının bir qədər bahalaşması ilə bağlı də xəbərlər yayıldı. Lakin eyni gündə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da manatla bağlı nikbin açıqlaması yayıldı. O, aprelin 9-da keçirilən mətbuat konfransında bildirib ki, manatın dollara nisbətdə zəifləməsini proqnozlaşdırmaq üçün heç bir əsaslı səbəb yoxdur: “Formalaşmış mühiti, xüsusilə sabit makroiqtisadi vəziyyəti, 25% artan valyuta ehtiyatlarını, keçirilən valyuta hərraclarında real tələbatın təklifin yüksəlməsini nəzərə alaraq, belə söz-söhbətlərin haradan qaynaqlandığı aydın deyil”.
İqtisadçı ekspertlər isə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Rusiyanın iqtisadiyyatında baş verənləri diqqətli izləməyi və manatın taleyi ilə bağlı diqqətli olmağı tövsiyə edirlər.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, Amerikanın Rusiyaya qarşı getdikcə sərtləşən sanksiyalar tətbiq edəcəyi çoxdan gözlənilən bir məsələ idi: “Xüsusən də Putin-Tramp münasibətləri çərçivəsində Ağ Evin Rusiyaya daha ehtiyatlı yanaşacağı ilə bağlı bir düşüncə var idi. Ancaq Suriyadakı son hadisələrdən sonra Trampın açıq şəkildə Rusiyanı və Putini tənqid etməsi dünyaya belə bir mesaj verdi ki, Amerika sanksiya məsələsində çox ciddidir. Sanksiyalar da çox konkretdir. Ümumi iqtisadiyyata tətbiq olunan sanksiyalar elə də böyük nəticə doğurmasa da, şəxslərə, onların ailə üzvlərinə tətbiq olunan sanksiyalar daha çox ciddiyə alınır. Bu sanksiyaların uzun müddət davam edəcəyi ilə bağlı ehtimalın yüksək olması da iqtisadiyyata təsir edir”.
İqtisadçının sözlərinə görə, hazırda sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ondan ibarətdir ki, xarici investorlar ölkədən qaçmağa başlayıb: “Onlar bu ölkədə iqtisadi gələcəyin parlaq olmadığını gördükləri üçün Rusiyadan uzaqlaşmağa çalışırlar. Uzaqlaşma da adətən yerli valyutanın satılıb, yerinə qızıl valyutanın alınması şəklində gerçəkləşdiyi üçün rubla təzyiq artır. Bu da məzənnənin ucuzlaşması ilə nəticələnir və proses davam edir.
Ancaq adətən belə sərt məzənnə itkisindən sonra, valyutalar bir qədər də dəyərsizləşib, sonra yüksələn xətt üzrə hərəkət edirlər. Çünki bu zaman spekulyasiyalar aradan qalxır, ajiotaj yatır və reallığın nə olduğu üzə çıxır".
E.Sultanov onu da vurğulayıb ki, neftin qiymətinin ucuzlaşmadığı şəraitdə Rusiya iqtisadiyyatı bu cür sanksiyalar qarşısında diz çökməyəcək: “Rusiya iqtisadiyyatı haqqında isə onu deyə bilərik ki, bu ölkənin nəhəng istehsal potensialı və çox nəhəng daxili bazarı var. Dövlətin suveren fondunda kifayətə qədər böyük vəsaitləri var. Bu baxımdan qısa müddətli dövr üçün Rusiyanı çox böyük təhlükə gözləmir. 2014-cü il iqtisadi böhranından sonra da Rusiya ən uğurlu şəkildə böhrandan çıxan ölkələrdən biri oldu. Rusiya iqtisadi və fiskal siyasətini ən düzgün quran ölkələrdən biri sayılır. Ümumi makroiqtisadi vəziyyət yaxşı olduğu üçün indiki halda da Rusiyanı çox böyük fəlakətin gözlədiyini demək doğru olmaz. Ancaq ümumilikdə ölkə iqtisadiyyatına zərbə dəyəcək. Bu da sanksiyaların nə qədər uzun müddət davam etməsindən asılı olacaq”.
Ekspertin fikrincə, Azərbaycan kimi bir ölkə də bu proseslərdə diqqətli olmalıdır: “Çünki Rusiya ilə ticarət əlaqələrimizin həcmi çox böyükdür. Bu ölkə bizim əsas ticarət portnyorlarımızdan biridir. Əsas ticarət tərəfdaşımızda milli valyutanın dəyərdən düşməsi istər-istəməz manat üçün də təzyiqlər yarada bilər. Rubl ucuzlaşırsa, bu, Azərbaycandan həmin ölkəyə olan ixracın çətinləşməsi və Rusiyadan gələn malların ucuzlaşması ilə nəticələnə bilər.
Ancaq qısamüddətli dövrdə manata elə də böyük təhlükə gözlənilmir. Manat üçün əsas amil neftin dünya bazarındakı qiymətidir. O cümlədən rubl üçün də neftin qiyməti önəmlidir. Onun dəyərini müəyyənləşdirən əsas faktor neftin qiyməti olacaq. Neftin qiymətində çox böyük enmə yaşanmadıqca və 70 dollar civarında davam etdikcə Rusiya çox böyük zədə almadan bu böhrandan çıxa bilər. Ancaq bu, son nəticədə Amerikanın sanksiyaları nə qədər müddətə davam etdirəcəyindən və hansı nöqtəyə qədər aparacağından asılı olacaq. ABŞ bu prosesə liderlik etdikcə Rusiya çətin vəziyyətdə qala bilər. Ancaq neftin qiyməti yüksək olduğu müddətcə qonşu ölkə o qədər də dərin böhran yaşamayacaq".
Elman Rüstəmovun manatla bağlı açıqlamasına gəlincə, E.Soltanov bildirdi ki, fundamental mənada Azərbaycan manatının məzənnəsini beynəlxalq risklər müəyyən etmir: “Manatın məzənnəsini ölkə iqtisadiyyatının ümumi vəziyyəti müəyyənləşdirir. İqtisadiyyatımız hələ də ciddi şəkildə neftə bağlı olduğu üçün, birinci yerdə duran faktor neftin qiymətidir. Bu istiqamətdə yaxşı xəbər odur ki, neftin qiyməti kifayət qədər yüksəkdir və ucuzlaşması da gözlənilmir. Belə olduğu müddətcə Azərbaycan manatının devalvasiya təhlükəsində olduğunu demək mümkün deyil”.
Reaksiya.az
Şərhlər