Yaxın Şərqdə Qərbin nə qədər ordusu var?

16.04.2018 14:16     Dünyadan reaksiya     1488

Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyət fonunda bu ərazidə cəmləşən, Qərb və Rusiyanın maraqlarına xidmət edən silahlı qüvvələrin sayı barədə araşdırma aparılıb.

ABŞ-ın Yaxın Şərqdəki varlığı

Yaxın Şərqin 12 ölkəsində təxminən 54 min ABŞ əsgəri yerləşdirilib. Sözügedən ölkələrin yeddisində isə ABŞ-ın hərbi bazası var. ABŞ qüvvələrinin mövcud olduğu Yaxın Şərq və Afrika ölkələri bunlardır: Misir, İsrail, Livan, Suriya, İordaniya, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, BƏƏ, Qətər və Bəhreyn.

ABŞ eyni zamanda müttəfiqi olduğunu söylədiyi PKK-PYD ilə Suriyanın şimalı və şimal-şərqində geniş əraziləri nəzarətdə saxlayır ki, burada da Vaşinqtonun 2 aviabazası və 8 hərbi mövqedə yerləşdirilmiş xüsusi təyinatlı dəstələri və hərbi ləvazimatı olduğu qeyd olunur.

ABŞ-ın ən böyük bazası Qətərdə yerləşir. Qətərdəki Übeyd aviabazasında təxminən 11 min ABŞ əsgəri xidmət aparır. Bir neçə ABŞ bazasının mövcud olduğu Kuveytdə isə təkcə Doha hərbi bazasında bu rəqəm 10 minə bərabərdir. Bazada bundan əlavə mindən artıq tank, yüzlərlə təyyarə və helikopterin olduğu qeyd olunur.

Rusiya bundan sonrakı 50 il ərzində Aralıq dənizində olacaq

Rusiya Suriyaya müdaxiləsini 2015-ci ildə məhdud sayda hərbi hava qüvvələri ilə başlatsa da, bu gün bölgədəki ən vacib faktor mövqeyinə gəlib çatıb. Rusiya Prezidenti Vladimir Putinlə Suriya rejimi arasında 2016-cı ildə imzalanan anlaşmaya görə, Suriyanın Aralıq dənizi sahilindəki Latakiya ərazisində yerləşən Hmeymim aviabazası 50 il müddətinə Kremlin sərəncamına verilib. Rusiya həmçinin Tartusda yerləşən bazadan da istifadə edir.

İraqın işğalı davam edir

BƏƏ-nin paytaxtında yerləşən Fransaya məxsus bazada təxminən 700 əsgərin olduğu təxmin edilir. İngiltərə isə 2014-cü ildə Bəhreyn, BƏƏ və Omanda hərbi baza yaratmaq təşəbbüsləri çərçivəsində ötən həftə Bəhreyndə ilk daimi hərbi-dəniz bazasını açıb. İraqda 2003-cü ildəki ABŞ işğalının ardından hələ də minlərlə əcnəbi əsgər, ölkənin müxtəlif ərazilərindəki hərbi düşərgə və bazalarda “tədris və ya strateji əraziləri qoruma” məqsədi ilə saxlanılır.

Cibuti

Aralıq dənizi ilə Hind okeanını bir-birinə bağlayan Qırmızı dəniz - Ədən körfəzi xəttinin keçid nöqtəsi sayılan Babül-Məndab boğazında yerləşən ərəb ölkəsi Cibutidə hazırda Fransa, ABŞ, İtaliya, Yaponiya və Çinin hərbi bazaları yerləşir. Səudiyyə Ərəbistanının da yaxın vaxtlarda bu Şərqi Afrika ölkəsində hərbi baza açmağı planlaşdırdığı qeyd olunur.

Reaksiya.az

Şərhlər