Türkiyə seçkilərə qanla gedir - VİDEO
04.06.2015 22:38 Dünyadan reaksiya 1283
Türkiyədə bu seçkinin əvvəlkilərdən fərqlənəcəyi hiss olunurdu. Məsələn, Türkiyə tarixində ilk dəfə olaraq partiyalar, Milliyyətçi Hərəkat Partiyası istisna olmaqla, hamısı namizəd siyahılarında ön sıralarda ermənilərə yer ayırıblar. Onlar bu addımlarını ölkədə yaşayan milli azlıqların da səsini almaq cəhdi kimi dəyərləndirirlər. Elə milli və dini azlıqların Ərzurumdakı mitinqi toqquşmalarla yadda qalıb.
ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Türkiyədə milli azlıqları təmsil edən Xalqların Demokratik Partiyasının (HDP) bu gün Ərzurum şəhərində planlaşdırılan mitinqindən əvvəl şəhərdə toqquşmalar yaşanıb.
Təhlükəsizlik qüvvələri HDP-nin mitinqinə mane olmaq istyən və türk bayraqları ilə əraziyə daxil olan digər milliyətçi qrupun qarşısını almağa çalışıb. Polis kütləyə qarşı su şırnaqlarından istifadə etməli olub.
Daha sonra millətçi qruplarla HDP tərəfdarları arasında toqquşma yaşanıb.
Gərginliyin artması ilə əlaqədar mitinqin keçiriləcəyi mərkəzi meydana Jandarm qüvvələri də cəlb edilib. Toqquşma zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Seçkilərə üç gün qalmış deputatlığa namizədlərə hücumların sayı da artıb. Son 24 saat ərzində hakim Ədalət və İnkişaf Partiyasının üç namizədi təbliğat kampaniyasına gedərkən HDP tərəfdarlarının hücumuna məruz qalıblar. Hər 3 şəxs bıçaq xəsarətləri alıb.
4 gündür itkin düşən müstəqil namizəd İbrahim Halil də döyülmüş vəziyyətdə yolun kənarından tapılıb. Kürdlərə məxsus Xalq Demokratik Partiyasının seçki kampaniyasına aid maşınına silahlı hücum nəticəsində isə bir nəfər ölüb.
Partiyalar isə hadisələrdə bir-birlərini ittiham edirlər.
Müstəqil namizəd Can Aydın Akar bildirir ki, müasir dünyada Atatürkçü bir düşüncə ilə yola davam edərsənizsə, hansı partiyanın təmsilçisi olmağınızan asılı olmayaraq qardaşlığı, birliyi qoruya bilərsiz: “Bu davaların çoxu süni, razılaşdırılmış bir davalardı. Öz məqsədlərinə çatmaq üçün buna gedirlər”.
Seçkilərə üç gün qalmış Türkiyədə partiyalar arasında sərtləşən siyasi mübarizə küçələrdə də qanlı hadisələrlə yadda qaldı.
Hökumət isə proseslərin daha da gərginləşməsinin qarşısını almaq üçün böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini üç dəfəyə qədər artırıb.
Şərhlər