İrəvan qarışdı, Qarabağda yeni taktika İŞƏ SALINIR

24.04.2018 14:04     Dünyadan reaksiya     1386

“Ermənistanda baş verən etiraz aksiyaları gözlənilən hadisələr idi. Ermənistan bölgədə bir layihə dövlətidir və bu gün bu ölkəni kim idarə edirsə, onun müəyyənləşdirdiyi istiqamətdə hərəkət edir. Serj Sarkisyan iqtidarda qala bilmək üçün konstitusiyanı dəyişdirdi və sərt etirazla qarşılandı, nəticədə o istefa verməyə məcbur oldu”.

Reaksiya.az bildirir ki, bu barədə publika-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Ermənistanda Sarkisyanın istefası ilə nəticələnən hadisələri şərh edərkən deyib.



H.Oktayın fikrincə, Sarkisyanın istefası Ermənistana beynəlxalq müdaxilənin də qarşısını aldı: “Çünki Ukrayna böhranından sonra Ermənistanda da belə bir xalq hərəkatı gözləmək mümkün idi. KAFKASSAM mərkəzi zaman-zaman Ermənistanda belə bir etirazların ola biləcəyini deyirdi. Bunun iki ana səbəbi var: birincisi, Ermənistanda iqtisadi-sosial vəziyyət, ikincisi isə, ABŞ-la Rusiyanın birbaşa cəbhə döyüşünə girməkdənsə, bu cür müstəvilərdə bir-birinə qarşı mübarizə aparmaq istəyidir. Son on ildə Ermənistanda iqtisadi vəziyyətə görə müxtəlif çaplı aksiyalar keçirilib. İndi amerikapərəst olduğu iddia edilən küçə hərəkatını görən Serj Sarkisyan istefa etməklə xalq hərəkatının qarşısını almağa çalışdı. Lakin erməni xalqı bu prosesi ağıllı şəkildə dəyərləndirə bilsə, ABŞ-Rusiya qarşıdurmasının bir parçası yox, öz potensialından istifadə edərək, Ermənistanda sağlam bir gələcək inşa edə bilər. Bu, baş verməsə, Ukraynada olduğu kimi, Ermənistanda da böyük qarışıqlı gözləniləndir”.

Türkiyəli politoloq hesab edir ki, Azərbaycan Ermənistandakı hadisələri yaxından təqib etməli, lazım olarsa, müharibə kartını irəli sürməlidir.

“Əgər bu aksiyaların arxasında Amerika varsa və Ermənistanda iqtidara amerikapərəst qüvvələr gələrsə, Azərbaycan Rusiya ilə anlaşaraq, işğal altındakı torpaqları azad etmək fürsətindən yararlanmalıdır. Ermənistandakı hadisələrin bir neçə ay davam edəcəyi gözləniləndir. Azərbaycan bu günlərdə çox diqqətli olmalı və atacağı hər addımın beynəlxalq sistemə uyğun olub-olmayacağına baxmalıdır. Bununla yanaşı, Azərbaycanda seçkilərin qabağa salınması və problemsiz başa çatması fonunda Ermənistanda qarışıqlığın yaranması Bakının əlinə yeni fürsətlə verir”, - deyə politoloq vurğulayıb.

Reaksiya.az

Şərhlər