İrəvan iki od arasında - gerisayım başladı
04.05.2018 12:04 Dünyadan reaksiya 2037
İşğalçı ölkənin taleyi ilə bağlı suallar çoxalır - Qərblə Rusiyanın Ermənistan davası böyüyür; Paşinyan Dağlıq Qarabağdakı saxta qurumu tanıya, Xocalı aeroportunu işə sala bilər? Rusiya nəşri: “O, baş nazir kimi Moskva üçün başağrısı olacaq...”
Ermənistanda baş nazir qovğası hər gün daha qəliz çalarlar almaqdadır. İlk baxışda “rəngsiz” inqilabın şəriksiz lideri, parlamentdəki “Yelk” fraksiyasının və “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyanın mayın 8-də ikinci cəhddə baş nazir olmaq şansı real görünür. Lakin analitiklər həm də tələsməməyi tövsiyə edirlər. Əsas vurğu da ona salınır ki, gizli “qərbpərəst” sayılan Nikol Paşinyan bir siyasətçi olaraq, hələ ki “bağlı boğça” olaraq qalır.
Məsələ ondadır ki, Paşinyanın mayın 1-də baş nazirliyə yeganə iddiaçı qismində etdiyi çıxışı da bütün “i”lərin üzərində nöqtələri qoymayıb. Müxalifət lideri hətta ənənəvi mövqeyini dəyişərək, dəfələrlə “Ermənistan Avrasiya Birliyi və KTMT-də qalacaq” desə də, Rusiyada ona inam yenə güclü deyil. Bunu həm Rusiya KİV-də gedən analitik materiallardan, həm də politoloqları şərhindən görmək olar. Belə təxminlər də var ki, Nikol Paşinyan ölkənin birinci şəxsi olandan sonra Mixail Saakaşvili kimi Rusiya ilə bağlı verdiyi vədləri tutmaya da bilər.
*****
“Ermənistanda onun üçün misli görünməmiş bir hadisə baş verib: xarici güclərin amansız kəndir çəkişməsi başlayıb. Maraqlıdır, kəndirin ucları kimin əlində qalıb - Rusiyanın, yoxsa Qərbin?” “Yeni Müsavat” xəbər verir ki, bu barədə rosbalt.ru nəşrində Ermənistandakı son duruma həsr olunmuş analitik məqalədə bildirilir.
Məqalədə həmçinin deyilir: “Rusiya Paşinyanı müvəqqəti də olsa, öz xeyrinə ”verbovka" edə bilibmi, yoxsa başqa namizədlərlə bağlı anlaşma var? - hansı ki, o da istisna deyil. Hər iki variant yalnız bir məqsəd güdür - regionda qüvvələr nisbətinin radikal dəyişikliyinə imkan verməmək".
Müəllif daha sonra Nikol Paşinyanın heç də siyasi baxımdan tarazlı biri olmadığına diqqət yönəldərək yazır: “Paşinyan etibarlı adam deyil. Əgər o, baş nazir olsa, hər halda, Azərbaycan və Türkiyə faktorlarını nəzərə alıb təhlükəsizlik və maliyyə donoru çətiri kimi Rusiyanın maraqları ilə hesablaşmaq zorunda qalacaq. Ancaq Qərbə mütləq can atacaq və Moskvaya daima başağrısı yaradacaq. Bu isə o anlama gəlir ki, Paşinyan baş nazir postunu tutsa, Rusiya çalışacaq ki, maksimum tez onu aktiv siyasətdən kənarlaşdırsın. Necə deyərlər, Ermənistanda ”sistem" çətin ki, dəyişsin. Bu sistemin yalnız fiqurantları əvəzlənə bilər. Odur ki, Moskva yəqin ki, situasiyanı qaytarmağa çalışacaq, əgər əlbəttə ki, Paşinyanın özünü müdafiə instinkti işə düşməsə".
*****
Moskvanın isə postsovet ölkələrinə ən müxtəlif müdaxilə reseptləri var. Bu yerdə xatırladaq ki, rusiyalı politoloq Oleq Kuznetsov Nikol Paşinyana qarşı sui-qəsd ehtimalını istisna etməyib. Gürcüstan və Azərbaycandan fərqli olaraq Ermənistanda Kremlin “əli”nin çox yerə çatdığını və 1999-cu ildə parlamentin gülləbaran edildiyini nəzərə alsaq, analitikin ehtimalını qəribçiliyə salmağa dəymir.
“Ermənistandakı situasiya ilə bağlı proqnozlar tez-tez yanlış çıxır. Çoxları düşünürdü ki, mayın 1-də hər şey yekunlaşacaq (Paşinyanın baş nazir olması nəzərdə tutulur - red.). Ancaq bəlli olduğu ki, gözlənilən baş vermədi”. Bu sözləri isə “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am nəşrinə açıqlamasında rusiyalı politoloq Vadim Dubnov deyib. O da hadisələrin konkret inkişaf ssenarisini cızmaqda çətinlik çəkib.
Rusiya hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzəyan da “RİA Novosti” agentliyində dərc edilmiş məqaləsində əsas suala cavab tapmağa çalışıb (virtualaz.org). O, pessimistlərin mövqeyini xatırladaraq yazıb ki, digər inqilabçı Mixail Saakaşvili də hakimiyyətə təzə gələndə belə deyirdi, Rusiya ilə yaxşı münasibətlər saxlayacağı haqda danışırdı. Amma sözünün üstündə durmadı.
Gevorq Mirzəyana görə, bu məqamda pessimistlərə xatırlatmaq olar ki, erməni xalqı gürcü xalqı deyil və daha rusiyameyllidir. Ona görə də Paşinyana Rusiyadan üz döndərməyə imkan verməz. “Lakin əhalinin sağlam düşüncəsinə arxayınlaşmaq da olmaz, üstəlik indiki texnologiya əsrində ”beyinlərin yuyulması"nı nəzərə alanda. Paşinyanı hakimiyyətə gənclər gətirib və onların da arasında antirusiya meylləri hər gün artır", - deyə o qeyd edib.
Müəllifə görə, Paşinyanın problemi həm də ondadır ki, o, verdiyi vədləri, o sırada korrupsiya və inhisarçılığın aradan qaldırılmasını, iqtisadiyyatın bataqlıqdan çıxarılmasını müvəqqəti baş nazirlik dövründə yerinə yetirə bilməz: “Axı o, ölkəni növbədənkənar seçkilərə hazırlamalıdır və bu seçkilərin bir neçə ay sonra keçirilməsi nəzərdə tutulur”.
Ona görə də erməni şərhçi hesab edir ki, populist Paşinyan reytinqini qəfil qaldırmaq üçün xarici siyasət meydanında kəskin addımlar ata bilər: “Məsələn, Dağlıq Qarabağın ”müstəqilliyini" tanıyar və Xankəndi aeroportunu işə salar, yaxud Dağlıq Qarabağ ətrafında situasiyanın kəskin eskalasiyasına səbəb olan başqa addımlar atar. Bununla da Moskvanın başqa sahələrdə bərk məşğul olduğu bir vaxtda Rusiyaya çoxlu problemlər yarada bilər".
*****
Lakin eyni zamanda bununla özünə və hakimiyyətinə ciddi problemlər yaradar. Çünki separatçı rejimin dövlət kimi tanınması avtomatik şəkildə sülh qapılarının birdəfəlik bağlanması və müharibənin tətiyini çəkmək demək olacaq. O halda Azərbaycanın ayrı yolu, sadəcə, qalmayacaq.
Xocalı hava limanının qanunsuz fəaliyyəti ilə bağlı da rəsmi Bakının prinsipial mövqeyi bəllidir. Qarabağın hava məkanı Azərbaycanın suveren məkanına daxildir və istənilən qanunsuz uçuşa qarsı sərt və adekvat tədbir görüləcək. Yəni belə hava obyektləri dərhal vurulacaq. Bundan ötrü Azərbaycanın öhdəsində ən müasir sistemlər var.
Əlavə edək ki, bunu yaxşı bildiyi üçün hətta Xocalı canisi Serj Sərkisyan da Dağlıq Qarabağa, Xankəndinə təyyarədə gəlməyə risk eləməyib - hərçənd erməniləri ruhlandırmaq üçün ilk sərnişinlərdın birinin özü olacağına söz vermişdi. Amma arzusu ürəyində qaldı - bütövlükdə “miatsum” arzusu və ya separatçı qurumu dövlət qismində tanıtmaq arzusu kimi...
Ermənistan üçün artıq yenə gerisayım başlayıb.
Reaksiya.az
Şərhlər