"Bu, Gürcüstanın özünə də ağırdır" - Ekspert rəyi

07.08.2015 17:45     Dünyadan reaksiya     1396

Xəbər verildiyi kimi, Gürcüstanın baş naziri İrakli Qaribaşvili rəsmi Tbilisinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirib.

Ötən ayın sonunda Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulan Gürcüstan rəsmisinin bu mövqeyi Azərbaycan ictimaiyyətində böyük maraq doğurub.

Politoloq Elxan Şahinoğlu bu olayla bağlı reaksiya.az-a münasibət bildirib.

Onun sözlərinə görə, Baş nazirin fikirləri o demək deyil ki, Gürcüstan Rusiyaya meyillidir: "Reallıqdır ki, Rusiya Gürcüstan torpaqlarını işğal etdiyini bəyan edib və həmin "respublikalar"ın “müstəqilliyini” tanıyıb. Məsələnin birinci tərəfi odur ki, Gürcüstanın Rusiyadan iqtisadi zəmində asılılıqları var. Hazırda kifayət sayda Gürcüstan vətəndaşı Rusiyada çalışaraq evlərinə pul göndərirlər. İkincisi, Gürcüstanın əsas məhsulları, "Borjomi" suyu, şərablar, subtropik meyvələr Rusiyaya ixrac olunur. Rusiya bu prosesi dayandırsa, Gürcüstan üçün böyük problemlər yarana bilər. Necə ki, son səsvermədən sonra bu problemlər yenə yarandı. Ona görə də Qaribaşvili o mənada çıxış edir ki, Rusiya siyasətini bəyənməsələr də, onlarla iqtisadi əməkdaşlıq etməyə məcburdular. Bu, Gürcüstanın özünə də ağırdır. Çünki bir tərəfdən də Qərblə siyasi müttəfiq sayılırlar. Ancaq Qərblə elə də iqtisadi əlaqələr mövcud deyil. Rusiya ilə siyasi zəmində problemləri mövcud olsa da, iqtisadi cəhətdən asılılığı var. Baş nazir məhz bu reallıqdan çıxış edərək bildirir ki, səsverməyə baxmayaraq Rusiyaya qarşı bu sanksiyalarda Gürcüstan yer almayacaq”.  

Şərhlər

Çox oxunanlar