Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Meksikanın isə Azərbaycanda daha yaxşı tanınması üçün çalışacağam"
21.05.2018 17:54 Dünyadan reaksiya 916
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanda səlahiyyət müddətinin bitməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
Səfir R. Labardini bildirib ki, Azərbaycan və Meksika bir-birinin mövcudluğundan xəbərdar olsa da, bir-birini yaxşı tanımırdı: “1992-ci ildə Azərbaycanın müstəqilliyi Meksika tərəfindən tanınıb. 2007-ci ildə Azərbaycanın Meksikada səfirliyi açıldıqdan sonra iki ölkə arasında yüksək səviyyədə əməkdaşlığa start verilib. 2011-ci ildə Meksika parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib. Meksikanın Azərbaycandakı səfirliyi isə 2014-cü ildə fəaliyyətə başlayıb. 2017-ci ildə Meksikadan ilk ticarət missiyası Azərbaycana gəldi. Eyni ildə Azərbaycan ticarət missiyası Meksikaya yollanıb. Bu il mayın 29-da Meksika Neft İnstitutunun nümayəndə heyəti Bakıya gələcək. Meksika nümayəndə heyəti ilk dəfə Bakıda təşkil edilən neft-qaz sərgisində və konfransında iştirak edəcək. Bu ilin iyun-iyul aylarında isə Meksika ticarət missiyasının yenə Bakıya gəlməsi gözlənilir".
Səfir iki ölkə arasında ticarət əlaqələrinə toxunaraq ticarət dövriyyəsinin illər ərzində yüksələn tendensiya ilə artdığını, 2014-cü ildə 1,58 milyon dollar, 2015-ci ildə 10,35 milyon dollar, 2016-cı ildə 9,45 milyon dollar, 2017-ci ildə 9,57 milyon dollar, 2018-ci ildə isə 25,30 milyon dollara çatdığını bildirib.
Səfir R. Labardini sonda vurğulayıb ki, bundan sonra da Azərbaycanın Meksikada, Meksikanın Azərbaycanda daha yaxşı tanınması üçün çalışacaq. (APA)
Şərhlər