Yaponiya hökuməti Şimali Koreyaya qarşı təzyiqləri davam etdirməyə çağırıb
25.05.2018 12:51 Dünyadan reaksiya 1311
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Şimali Koreyaya qarşı təzyiqləri davam etdirməyin zəruri olduğunu bildirib.
Y.Suqa bu barədə bəyanatla ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə planlaşdırılan ikitərəfli sammiti gözlənilmədən ləğv etdikdən sonra çıxış edib.
Baş katib deyib ki, əsas məsələ sammitin keçirilməsi yox, onun Şimali Koreyanın nüvə və raket proqramları, həmçinin bu ölkənin agentləri tərəfindən oğurlanmış yapon vətəndaşları kimi problemlərin həllinə göstərəcəyi təsirdir. O əlavə edib ki, Yaponiya ABŞ və Cənubi Koreya ilə Pxenyanın öz siyasətindən əl çəkməsi və tezliklə yapon vətəndaşlarını qaytarması üçün sıx əməkdaşlığı davam etdirəcək. Yaponiya hökuməti Vaşinqton və Seul ilə birlikdə Şimali Koreyanın nüvə-raket proqramları ilə bağlı bütün kəşfiyyat məlumatlarını toplayaraq təhlil etməkdə davam edəcək.(azərtac)
Şərhlər