Çavuşoğludan “F-35”lərlə bağlı ABŞ-a ULTİMATUM
30.05.2018 12:12 Dünyadan reaksiya 1402
“Şəxsən mənim heç bir narahatlığım yoxdur. Çünki bununla bağlı hərtərəfli bir razılaşma var”.
Bunu ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “F-25” qırıcıların Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilən qərarı şərh edərkən deyib.
“F-35”lərin alınması üçün bu günə qədər ödənişlərin edildiyini deyən Çavuşoğlu hüquqi öhdəliklərin olduğunu bildirib.
“Satışın əngəllənməsi ilə bağlı Konqres addımlar atır. Hökumət qanadından indiyə kimi belə bir təzyiq yoxdur. Buna görə də heç bir narahatlıq görmürəm. Ən pis ssenarini düşünün. Hava hücumundan müdafiə sistemlərini müttəfiqlərimizdən ala bilməyəndə çarəsiz qalmadıq, indi də carəsiz qalmarıq. Biz NATO-nun əhəmiyyətli bir üzvüyük, bütün silahları müttəfiqlərimizdən almaq istəyirik. Müttəfiqlər maneələr yaratmamalıdır. Ehtiyacım olduğu bir şeyi müttəfiqlərdən ala bilməsək, o halda ehtiyacı başqa bir yerdən təmin edəcəyik. Mən problemin olacağını düşünmürəm. Qərarı hökumətlər verir”, - o vurğulayıb.
Qeyd edək ki, mayın 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi “S-400” zenit-raket komplekslərinin alınmasına dair xüsusi məruzə hazırlanmadan “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasını bəyənmək imkanından müdafiə nazirini məhrum edir. Sənəd Rusiyadan "S-400"-lər alınacağı təqdirdə Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulmasını nəzərdə tutur. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə isə bu sənədi ABŞ prezidenti imzalamalıdır.
ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell daha əvvəl bildirib ki, "S-400"-lərin alınması Türkiyənin ABŞ-dan "F-35" tədarük etməsinə mənfi təsir göstərəcək.
Türkiyə ABŞ-dan 100 ədəd “F-35” qırıcısını almağı planlaşdırırdı. Amerika qanunvericiləri tərəfindən təklif edilən təşəbbüs bu müqavilənin icrasına ciddi mane ola bilər.
Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib ki, Vaşinqton “F-35” qırıcılarını Ankaraya çatdırmaqdan imtina edərsə, Türkiyə ABŞ-a qarşı cavab addımları atacaq.
KİV-in yazdığına görə, ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması ilə əlaqədar "F-35"-lərin Türkiyəyə satışına mane olarsa, bu halda Ankara Rusiyadan "Su-57" qırıcılarının alınmasına dair qərar qəbul edə bilər.(publika)
Şərhlər