Sərkisyanın revanşı: Paşinyan sabotajla üz-üzədir

02.06.2018 12:21     Dünyadan reaksiya     1299

Ermənistanda hakimiyyət uğrunda oliqarxlar arasında mübarizə güclənir. Paşinyanın mübarizə apardığı oliqarxlar arasında hətta Serj Sərkisyanla münasibətləri heç də yaxşı olmayan oliqarxlar da var. Son olaraq dünyanın ən zəngin ermənisi Samvel Karapetyan da bu mübarizəyə qoşulub.

Ermənistanda son proseslərlə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynlinin axar.az-a müsahibəsini təqdim edirik:

- İrəvanda hazırda hansı proseslər gedir? Paşinyanın hakimiyyəti üçün təhdidlər varmı?

- Paşinyan hakimiyyətə yenicə gələndə Serj Sərkisyan onun dövrünün heç 2-3 ay davam etməyəcəyini söyləmişdi. Sərkisyan öz ətrafındakılara, Respublika Partiyasından olan deputatlara qısamüddətli hakimiyyətə gəlmiş Paşinyanın dövləti idarə edə bilməyəcəyini bildirirdi. İndiki mərhələdə də Qarabağ klanı - Serj Sərkisyan, Köçəryan, iqtisadiyyatın əsas nöqtələrində inhisarçı mövqeyində olan şəxslərin böyük əksəriyyəti (oliqarxlar) Paşinyana qarşı fəaliyyətdədir. Çünki Paşinyan Qarabağ klanının mövqeyini zəiflədir. Sərkisyan dövründə kadr təyinatlarının böyük əksəriyyəti Qarabağ mənşəli idisə, indi daha çox yerli ermənilər vəzifəyə gətirilir. Paşinyanın özünün əvvəlcədən formalaşdırılmış komandası yoxdur. Çünki o, sözün əsl mənasında təsadüfən hakimiyyətə gəlmiş şəxsdir. İndi Qarabağ klanının müqavimətini sındırmaq, sıradan çıxartmaq üçün yeni kadrlardan istifadə edir və onlarla klanının üzvlərini əvəzləyir.

- Paşinyan niyə paralel olaraq oliqarxlarla da mübarizəyə start verdi?

- Paşinyan həm də oliqarxlarla savaş aparmalıdır. Çünki istənilən hakimiyyətin mənbəyi pul, var-dövlət və sərvətdir. Ermənistanda da iqtisadi imkanı olan şəxslərin ən azı 75-80 %-i Qarabağ mənşəlidir. Təbii ki, bu, onların fərasəti hesabına baş verməyib. 20 ildir ki, Ermənistanda hakimiyyətdə olan Qarabağ mənşəli prezidentlərin “dövlət qayğısı” sayəsində onlar dövlətin sərvətini qamarlaya biliblər. İndi həm o qayğıdan məhrum olublar, həm də onlara qarşı bir hücum var. Artıq onlardan gəlirlərinin mənbəyi soruşulur, bank hesabları yoxlanılır, xaricdə bank hesablarının olub-olmaması da araşdırılır. Çünki Paşinyan hələ hakimiyyətə gəlməzdən əvvəl bildirmişdi ki, qeyri-qanuni yollarla - rüşvət, korrupsiya, dövlət əmlakının talanması... - ələ keçirilmiş pulların hamısını geri qaytaracaq. Həmin geriyə qaytarılmış pulları da əhalinin maddi rifah halının yüksəldilməsində istifadə edəcək. Doğrudur, bu, populist bəyanatdır. Onsuz da pulların hamısını geriyə qaytarmaq mümkün deyil. İndi əhali Paşinyandan bunların həyata keçirməsini tələb edir.

- Paşinyanın oliqarxlara qarşı apardığı savaşdan Sərkisyanın istifadə etdiyi bildirilir...

- Hazırda Ermənistanda dövlət büdcəsi aşağı rəqəmlərlə ifadə olunur. Xəzinədə arzulanan pul yoxdur ki, Paşinyan maaşları, müavinətləri, sosial yardım fondlarını artırsın. Amma əhali tələbində israrlıdır. Paşinyan hakimiyyətinə təzyiq artır. Belə şəraitdə Serj Sərkisyan, Köçəryan da fəaliyyətlərinə davam edir. Onlar iqtisadi sabotajlar yaratmaqla, müxtəlif şayiələrin yayılmasını təmin etməklə Paşinyan üçün Ermənistan cəmiyyətində tamamilə qabiliyyəti olmayan bir adam obrazı yaratmağa çalışırlar. Onun iqtisadi islahatları həyata keçirmək üçün maliyyə qaynaqları tapa bilməyəcəyinə xalqı inandırmaq istəyirlər. Bununla əhali arasında ruh düşkünlüyü yaratmağı hədəfləyirlər. Oliqarxlar da sabotajla məşğuldurlar. Onlar müəyyən istehsal sahələrinə rəhbərlik edirlər. Yerdə qalan müəsisələrin, demək olar, çoxu ya ruslara məxsusdur, ya da fəaliyyətsizdir. Fəaliyyətdə olan müəssisələr iaşə obyektləri, yüngül sənaye məhsulları istehsal edən sahələrdir. Bunların hamısı da Qarabağ klanının nəzarətindədir. Buna görə də onlar bəzən istehsalı azaldırlar, süni çörək qıtlığı yaradırlar, əhalinin ilkin tələbat mallarına olan ehtiyaclarının ödənilməsinə mane olurlar. Bütün bunlar əhalidə yeni hakimiyyətin səriştəsizliyi barədə təsəvvürlər formalaşdırır.

- Paşinyanın Respublika Partiyasından olan təyinatları gələcəkdə iqtidar olaraq, Respublika Partiyasının geri qayıtması üçün rəvac rolunu oynaya bilərmi?

- Oliqarxlar revanş götürmək fikrindədir. Başda Sərkisyan və Köçəryan olmaqla, Respublika Partiyası və Qarabağ klanı yenidən hakimiyyətini bərpa etmək niyyətindədirlər. Bunu mümkünsüz görürəm. Çünki erməni əhalisi Qarabağ klanının hakimiyyətindən çox əziyyət çəkib. Qarabağ klanına yenidən etibar göstərmələri mümkün deyil. Ölkədə keçiriləcək seçkilərdən sonra qüvvələr nisbətini müəyyən etmək mümkün olacaq.

Reaksiya.az

Şərhlər