Türkiyə-İran müharibəsi və... - Ankara-Vaşinqton razılaşmasının 4 SƏBƏBİ
08.06.2018 13:00 Dünyadan reaksiya 1643
Suriyanın Münbiç mahalı PKK terror təşkilatının Suriya qolu olan YPG-dən təmizlənir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlunun iyunun 4-də etdiyi Vaşinqton səfərində təsdiqlənən “yol xəritəsi”nə əsasən YPG 3 ay ərzində Fərat çayının şərqinə keçməlidir. Bəzi məlumatalara görə, təşkilatın bir neçə lideri Münbiçi artıq tərk etməyə başlayıb.
ABŞ Münbiç sazişinin icrası müddətini 6 aya qədər uzatmaq istəsə də, Türkiyə bu müddətin çox olduğunu bildirib və müddətin yarıya endirilməsinə nail olub.
Bundan başqa, ABŞ Münbiç sazişinin mətninə “təşkilatlara və daxili qanunlara uyğunluq” ifadəsini daxil etmək istəyirdi. Bu ifadə isə sazişin icrası üçün Konqresdən icazənin alınması anlamına gəlirdi. Lakin Ankaranın etirazı səbəbiylə bu ifadə sazişə salınmayıb.
Nəşrin yazdığına görə, sazişlə bağlı ən maraqlı məsələ iki ildən çoxdur ki, Türkiyənin Münbiçlə bağlı tələblərinə qulaq asmayan ABŞ-ın niyə Ankaranın istədiyi nöqtəyə gəlməsidir. Bunun 4 təməl səbəbinin olduğu bildirilir.
1. Türkiyəni itirmə riski. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarları ilə danışıqlarda çox açıq danışıb: "Xalqımız çox qəzəblənib. Lazım olarsa “Kürəciyi də, İncirliyi də bağlayın” şəklində düşüncə var”.
Nəhayət, ABŞ Türkiyəni itirmə ehtimalının ciddi bir ehtimal olduğunu görür.
2. Türkiyə və ABŞ-ın hərbi toqquşma riski. Suriyanın şimalında Türkiyə ordusu ilə Amerika əsgərləri arasında bir qarşıdurma ehtimalı var idi. Bu ehtimal Vaşinqtonda ciddi narahatlıq yaratmışdı. Hətta, prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbətlərində “Amandır, oradakı əsgərlərimizin başına bir şey gəlməsin” deyib.
3. Türkiyə ilə əlaqələrə verilən əhəmiyyət. Prosesi Münbiç razılaşmasına gətirən faktorlardan birinin də Trampın Türkiyə ilə əlaqələrə verdiyi əhəmiyyət göstərilir.
4. İran faktoru. “Yeni Şəfəq” nəşrinin yazdığına görə, Münbiç razılaşmasına ən çox sevinən tərəf Birləşmiş Ştatlardır. Razılaşmanı şərh edən ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçel Türkiyənin əhəmiyyətini anlamaq üçün xəritəyə baxmağın kifayət olduğunu vurğulayıb.
“Son hədəfimiz Türkiyəni Qərbin strateji kursunda saxlamaqdır”, - amerikalı diplomat bildirib.
“Yeni Şəfəq” qeyd edir ki, ABŞ-ın Suriya və İraqda PKK/YPG-dən bu qədər asan vaz keçməsinin arxasında İran faktorunun dayandığı Mitçelin bəyanatlarında açıq görünür.
“Uzunmüddətli gələcəkdə bölgədə İranı saxlayacaq gücə sahib tək ölkənin Türkiyə olduğunu etiraf edən Amerikan rəhbərliyi yeni dövrdə PKK/YPG və FETO güzəştləri ilə Ankaranı Tehrana qarşı meydana itələməyin hesablarını qurur. Amma Türkiyə də artıq asanlıqla manipulyasiya ediləcək köhnə Türkiyə deyil. 2013-cü ildən bu yana bütün imperiya oyunları pozan Türkiyə Münbiçdə istədiyini əldə edən ölkə olaraq bölgədə oyun qurucu təsirini daha da artıracaqdır”, - nəşr yekunlaşdırıb.(publika)
Şərhlər