Tramp və In razılığa gəldi

12.06.2018 11:53     Dünyadan reaksiya     964

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Sinqapurda keçirilən ilk ikitərəfli sammitin sonunda sənədlər imzalayıblar.

İmzalanma mərasimindən sonra Tramp bildirib ki, bu sənədlərin hazırlanması xoşməramlı xarakter daşıyıb və bundan sonra ABŞ və KXDR arasındakı münasibətlər tamam başqa müstəvidə inkişaf edəcək. 

O, imzalanmış sazişləri “mühüm və ədalətli” adlandırıb və bildirib ki, bu sənədlər “böyük və təhlükəli problemi” həll etməyə qadirdir. 

Bundan başqa, Tramp deyib ki, Şimali Koreya liderini Ağ Evə dəvət etməyə hazırdır. 

Kim Çen In tarixi görüşə görə Trampa təşəkkür edib və qeyd edib ki, tərəflər “keçmişi geridə qoymaq” qərarına gəlib. 

İmzalanmış sənədlərlə bağlı təfərrüat açıqlanmır. 

“Tramp və Kim Çen In iki ölkə arasında yeni münasibətlərin qurulması, eləcə də, Koreya yarımadasında sülhün bərqərar olması üçün razılığa gəliblər”, - məlumatda deyilir. 

ABŞ və Şimali Koreya arasında imzalanan sənəddə bildirilir ki, hər iki ölkə yeni münasibətlərə və sülhə hazırdır. 

Reaksiya.az

Şərhlər