Rusiya ABŞ-ın Ukrayna planı ilə razılaşmadı
12.06.2018 12:27 Dünyadan reaksiya 993
ABŞ-ın Donbassda sülhməramlılar yerləşdirilməsilə bağlı ideyası Minsk razılaşmalarını tamamilə pozur.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Normand dördlüyü” formatında xarici işlər nazirləri görüşünün yekununu şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ və Ukraynanın Donbassda BMT sülhməramlıları yerləşdirmək istəyi Ukraynanın şərqindəki münaqişələrin nizamlanmasilə bağlı sənədlərə ziddir. Çünki ABŞ istəyir ki, sülhməramlılar bütün Donetsk və Luqansk ərazilərinə nəzarəti ələ keçirsinlər. Bununla da BMT sülhməramlılarından hərbi-siyasi komandanlıq kimi istifadə etməyə çalışırlar. Bu isə Donbassda nizamlanmaya dair BMT və ATƏT qətnamələrinin müddəalarının pozulmasıdır.
Qeyd edək ki, ötən gün "Normand dördlüyü” formatında Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin 2017-ci ilin fevralından bəri ilk görüşü keçirilib. Lavrov görüş çərçivəsində Ukraynalı həmkarı Pavlo Klimkin ilə də danışıqlar aparıb. Xarici işlər nazirlərinin görüşündə humanitar problemlər, əsir düşənlərin dəyişdirilməsi və Ukraynanın şərqindəki münaqişəli ərazilərdə BMT sülhməramlılarının yerləşdirilməsi müzakirə olunub. Almaniya xarici işlər naziri Hayko Maas bildirib ki, Ukrayna münaqişəsinin bütün tərəfləri sülhməramlılarının yerləşdirilməsilə razıdır, lakin BMT missiyasının formatına yanaşmalar fərqlidir.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ATƏTnümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMTsülhməramlılarının yerləşdirilməsini təklif edib. Rəsmi Kiyevdə isə təkid edirlər ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.
Şərhlər