Türkiyə və İraq arasında Qəndil anlaşmazlığı
14.06.2018 11:41 Dünyadan reaksiya 1039
Ankara Qəndil əməliyyatının razılaşdırıldığını deyir, Bağdad isə hər hansı razılaşma olmadığını bildirir, PKK-nın “yuvası” nədən bu qədər əhəmiyyət kəsb edir?
Türkiyə ordusu İraqın şimalında yerləşən və PKK-nın əsas hərbi mərkəzi hesab olunan Qəndil dağında əməliyyata hazırlaşır. Uzun illərdir Qəndildə yerləşən PKK düşərgələrini hədəfə alan Türkiyə hərbi aviasiyasına bu dəfə quru qüvvələri dəstək verəcək, Qəndildəki düşərgələr ələ keçiriləcək.
Türkiyə ordusu bu il martın 10-dan Qəndil də daxil olmaqla, İraqın şimalındakı PKK terrorçularına qarşı əməliyyatlara başlayıb. Ötən müddətdə bölgədə PKK-ya aid 18 hədəfin və 67 terrorçunun məhv edildiyi bildirilir. İndi isə Qəndilin tamamilə götürülməsi məsələsi gündəmə gəlib.
Ancaq əməliyyatın uğurla keçirilməsi üçün qonşu ölkə İranın, o cümlədən Qəndil düşərgəsinin yerləşdiyi İraqın razılığı və dəstəyi lazımdır. Çünki məsələ ondadır ki, Qəndil dağları İraq və İran arasında yerləşir. Yəni dağ hər iki ölkənin ərazisinə düşür. Ümumi ərazisi 3 min kv.km-dan çox olan bölgənin bir hissəsi isə Türkiyə ilə sərhəd hesab olunur. Ancaq sözü edilən Qəndil dağı və PKK-nın yerləşdiyi eyni adlı düşərgələr İran-İraq sərhədində yerləşir. PKK buradan həm İraq, həm İran, həm də Türkiyə ərazisinə terrorçu göndərir. PKK-nın bir nömrəli hərbi bazası olan Qəndil dağı Türkiyədən 90 kilometr məsafədə yerləşir. Qəndil dağının yüksəkliyi 2600 metrdir, ancaq PKK-nın düşərgələrinin yerləşdiyi vadi dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən geniş ərazidir. Lakin bura tamamilə mağaralardan və gizli sığınacaqlardan ibarətdir. Belə bir əməliyyat üçün qonşu ölkələrin, özəlliklə İraqın dəstəyi lazımdır.
“Habertürk” telekanalına müsahibə verən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, artıq Qəndil əməliyyatı ilə bağlı İranla danışıqlar aparılır. Nazir deyib ki, hazırda ordu, kəşfiyyat qurumları Qəndil əməliyyatı ilə bağlı hazırlıqları davam etdirir. Ancaq paralel olaraq Qəndil əməliyyatı ilə əlaqədar diplomatik çalışmalar da davam edir. Çavuşoğlu deyib ki, Qəndildən İrana qarşı PKK-nın İran qolu hesab olunan PEJAK da istifadə edir. Bu səbəbdən də Tehran bu əməliyyatda maraqlıdır. Həmçinin o, Bağdadla da Qəndil əməliyyatı ilə bağlı anlaşma əldə olunduğunu qeyd edib.
Lakin bu arada İraq hökuməti bəyan edib ki, Bağdad və Ankara arasında Qəndildə PKK-ya qarşı əməliyyat keçirilməsi ilə bağlı hər hansı razılaşma əldə olunmayıb. Baş nazir Heydər İbadi deyib ki, Türkiyə rəsmilərinin İraq ərazisində PKK silahlılarını izləməsi ilə bağlı açıqlamalar təbliğat məqsədi daşıyır. İbadinin nədən belə dediyi məlum deyil. Üstəlik, Mosul və Ənbar əyalətində bu ilin yazında İraq və Türkiyə hökumətləri arasında anlaşma əsasında PKK düşərgələri boşaldılıb. Ancaq indi İraq baş naziri nümayişkaranə şəkildə Ankara ilə razılaşma olmadığını bildirir. Mümkündür ki, İbadi hələlik razılaşmanın əldə olunmadığı və danışıqların davam etdiyinə işarə edib. Məsələ ondadır ki, İraqda seçkilər bir ay əvvəl baş verib və hazırda koalisiya hökumətinin qurulması danışıqları aparılır. Türkiyədə isə seçkilər bu ayın 24-də keçiriləcək. Türkiyədə bir sıra təşkilatlar Qəndil əməliyyatını seçkilərə hesablanmış kampaniya adlandırıb. Bağdad isə indi bu şəkildə adının hallanmasını istəmir.
Amma Ankaranın davranışından məlum olur ki, hökumət İraqda PKK-ya qarşı əməliyyat aparmaqda qərarlıdır. Ancaq bu prosesin seçkilərə qədər olacağı, yoxsa hələ müəyyən zaman tələbə edəcəyini indidən demək çətindir. Fakt odur ki, Türkiyə ordusu Qəndil istiqamətində ordu toplamaqdadır. Hökumət isə İraqda qalıcı fəaliyyət göstərəcəklərini bildirir. Bu isə Bağdadı narahat edir.
Qeyd edək ki, PKK-nın Qəndil düşərgəsi 1997-ci ildə Avropada yaşayan kürd təşkilatlarının topladığı maliyyə hesabına yaradılıb. Qəndildə hazırda 50-dək PKK düşərgəsi var, ümumilikdə isə 10 kilometrlik radiusda 2 minə yaxın sığınacaq mövcuddur. Başdan-ayağa minalanmış bölgəyə naşı adamın daxil olması intihar sayılır. Bölgə kənarlardan raket-zenit qurğuları, raketlər və ağır pulemyotlu maşınlarla mühafizə olunur. Bölgə təbii sədlərdən ibarətdir. Kənardan hücum edən qüvvəyə qarşı müdafiə olunmaq çox rahatdır. Bundan başqa, dağda müxtəlif həcmlərdə 100-dən çox mağara var. Bunların ən böyüyündə eyni vaxtda 500 nəfər yerləşə bilir.
Qəndildə ümumi olaraq 50 düşərgə var ki, bunlardan 15-i təlim düşərgəsidir. Bundan başqa, PKK-nın mərkəzi qərargahı, arxivi və digər əsas mərkəzləri burada yerləşir. Qəndil ətrafında təxminən 60-a qədər əsasən kürd kəndləri mövcuddur ki, bu kəndlər PKK-nın təbii müttəfiqləridir. Hətta Qəndildə fəaliyyət göstərən PKK-ya məxsus iki kiçik çaplı elektrik stansiyası istehsal etdiyi elektrikin bir qismini bu kəndlərə verir.
Türkiyə hökuməti hesab edir ki, ölkə ərazisində əsas terror fəaliyyətləri məhz Qəndildən idarə olunur. PKK-nın bütün liderləri də bu dağda məskunlaşdığı üçün Qəndilin alınması həm də terrora dəhşətli zərbə ola bilər.
Reaksiya.az
Şərhlər