Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir
20.06.2018 15:35 Dünyadan reaksiya 859
Cənubi Koreya Prezidenti Mun Ce-in administrasiyası Çin və Şimali Koreya liderləri Si Szinpin və Kim Çen Inın Pekində keçirilmiş görüşünün nəticələrini alqışlayır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu iyunun 20-də administrasiyanın rəsmi nümayəndəsi bildirib. “Biz bu yaxında baş tutan Şimali Koreya və Çin sammitinin nüvəsizləşdirmə prosesini bir addım irəli apardığına inanırıq və Çinin bu prosesin təhlükəsiz başa çatmasında müsbət rol oynayacağını gözləyirik”, - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya lideri ÇXR-ə gələrək Si Szinpinlə görüşüb. Sammitdə Çin və KXDR-in Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində razılığa gəldiyi bildirilir. Bu, Kim Çen Inın son üç ayda Çinə artıq üçüncü səfəridir.
ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In iyunun 12-də Sinqapurda baş tutan sammitdə müştərək sənədə imza atıblar. Pxenyan ABŞ tərəfdən təhlükəsizlik zəmanətinin əvəzinə öz üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi öhdəliyi götürüb. Bundan başqa, Tramp yarımadada Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmağı vəd edib.
Şərhlər