"Avropanı strateji, iqtisadi və sosial parçalanma gözləyir" - ekspert
04.07.2018 14:01 Dünyadan reaksiya 1027
“Birliyin tək çarəsi cəmləşmək və birgə mübarizə aparmaqdır”
NATO-nun iyulun 11-12-də Brüsseldə keçiriləcək növbəti sammitinin başlanmasına cəmi 1 həftə qalıb.
Lakin təşkilatın tarixində bu qədər əndişə və qayğı ilə gözlənilən ikinci tədbir, yəqin ki, hələ olmayıb. Səbəb isə NATO-nun lideri ABŞ-ın indiki rəhbərinin alyansın əsas strateji hədəf və yönlərini özünəməxsus tərzdə təftiş etmək niyyəti ilə bağlıdır.
Bununla əlaqədar Fransanın “Le Monde” qəzeti ölkədə fəaliyyət göstərən “Strateji araşdırmalar fondu”nun eksperti və məsləhətçisi, məşhur ekspert Fransua Geysburla söhbət aparıb. Fransız alim Donald Trampın multilateralizmə (beynəlxalq hüquqi normalara əsaslanan çoxtərəfli münasibətlər-red.) olan nifrətamiz münasibətinin Avropa Birliyi üçün yaradacağı təhlükələrdən danışıb.
“Trampın xarici siyasətində ABŞ-da on illər boyunca populyar olan dünyagörüşünün reallaşdırılması əsas götürülür. Belə ki, bu düşüncəyə görə, Vaşinqton xarici ölkələrlə çoxtərəfli və daimi alyanslara deyil, ikitərəfli münasibətlərə və bundan irəli gələn sazişlərə üstünlük verməlidir”, - ekspert qeyd edib.
Fransız alimin fikrincə, indi Amerika 2-cü dünya savaşından sonra formalaşan alyanslar və ittifaqlar sistemindən üz döndərməkdədir.
“Tramp yüksək bir vəzifəli dövlət adamı ilə söhbətində 3 düşməninin olduğunu söyləyib: Ümumdünya Ticarət Təşkilatı, Avropa Birliyi və NATO. Amerika prezidenti zatən Avropa Birliyi ilə ticarət müharibəsini Avropanın ABŞ tərəfindən qorunması ilə əlaqələndirir”, -məqalədə yazııb.
Ekspertin fikrincə, Brüsseldə keçiriləcək NATO-nun multilateral sammiti və onun ardınca Vladimir Putinlə Helsinkidə baş tutacaq ikitərəfli görüş Qərbin parçalanmasının ilk mərhələsinə çevriləcək. O, Tramp kimi ikitərəfli əlaqələrə daha çox üstünlük verən rusiyalı liderlə Helsinkidəki görüşün mənasının istənilən halda avropalılara arxa çevirmək olduğunu söyləyib.
“Rusiya öz tərəfindən soyuq müharibədən sonra yaranan Avropa qayda –qanununa nifrətini az qala yüksək səslə bağıraraq ifadə edir və istənilən zəiflikdən rəhmsizcəsinə yararlanır. ABŞ isə özünü artıq müttəfiq olaraq deyil, muzdlu kimi aparır. Zaman keçdikcə bizləri strateji, iqtisadi və sosial dağınıqlıq gözləyir”, - Geysbur bədbin proqnozunu verib.
Avropalı alimin düşüncəsinə görə, “qoca qitə”nin bundan sonra qarşısında 3 seçimi var - imtina, parçalanma və inkar.
İmtina heç bir şey olmamış kim hərəkət etmək deməkdir. Yəni ABŞ müharibə sonrasındakı modelə qayıdır. Rusiya iqtisadi zəifliyinin tələsinə düşür, Çin isə öz enerjisini Avropaya deyil, başqa regionlara yönəldir.
Parçalanma, xüsusilə Breksitdən sonra ən populyar tendensiyaya dönüb.
Nəhayət, bir də inkar ssenarisi də var. Geysbur bunu Martin Lüterin 5 əsr qabaq yaydığı protestant etiraza bənzədir.
“Əgər Vaşinqtonda oturan strateq Papa qeyri-qanuni ticarəti təhlükəsizlik indulgensiyalarına bağlayırsa, bu zaman indiki dövrdə də hansısa Martin Lüter yeni xristianlığı cəmləşdirə bilməzmi”, - Geysbur deyir.
Müəllifin firkincə, Avropanın cəmləşmək və birgə mübarizə aparmaq gücü var. Birlik hələ də dünyada ən böyük ticarət gücü sayılır. Avropa dövlətlərinin hərbi büdcələri isə 200 milyard həcmində olub Rusiyanı qat-qat üstələyir və Çinlə eyni səviyyəyə gəlib çatıb.
Lakin fransalı ekspert bu yolda ən böyük əngəlin siyasi olduğunu düşünür: “Avropanın vahid şəkildə təsbit olunmuş siyasi və strateji qərarları yoxdur. Avropa miqyasındakı hərbi xərclərin effektivliyi isə olduca gec bir zamanda üzə çıxır...”.
Şərhlər