İsrail casusunun saatı edamdan 50 il sonra ələ keçdi - MOSSAD-dan xüsusi əməliyyat

21.07.2018 11:29     Dünyadan reaksiya     1166

İsrail Baş naziri Benyamin Netenyahu 1965-ci ildə Suriyada edam olunan məşhur casus Əli Kohenin qol saatının MOSSAD-ın məxfi əməliyyatı ilə ölkəyə gətirildiyini elan edib.

Teleqraf.com bu məşhur israilli casusun şok dosyesini oxuculara təqdim edir:

Əli Kohen İsrailin maraqları naminə 1960-cı illərdə Suriyada hakimiyyət elitasına daxil olub və əsasən, hərbi və siyasi informasiyalar toplayıb, Suriya-SSRİ münasibətləri haqqında məxfi bilgilər əldə edib. O, 1965-ci ildə həbs olunaraq Dəməşqdə edam olunsa da, 1967-ci ildə başlanan sürətli müharibədə İsrailin qələbə çalmasında açar rolunu oynayıb. Kohenin adı İsraildə məktəblərə və küçələrə verilib, onu ölkədə milli qəhrəman olaraq qəbul edirlər.

Onun nəşi haradadır?

Lakin buna baxmayaraq, İsrail heç vaxt milli qəhrəmanı üçün rəsmi cənazə mərasimi təşkil edə bilməyib. Uzun illərdir ki, böyük büdcə və insan resursları üzərindən aparılan məxfi əməliyyatlara baxmayaraq, MOSSAD Kohenin nəşini ələ keçirə bilməyib. Ən son xəbərə görə, İsrail xüsusi xidməti yalnız casusun qol saatını ələ keçirərək ölkəyə gətirib.

Qeyd edək ki, İsrail Baş Naziri Benyamin Netanyahu Tvitter hesabından casusun qol saatının uğurlu bir gizli əməliyyat sayəsində ələ keçirildiyini açıqlayıb və buna görə MOSSAD-a təşəkkür edib.

“MOSSAD əməkdaşlarını dəyərli dostumuz Əli Kohenin saatını ələ keçirdikləri üçün təbrik edirəm. Bu, cəsur bir hərəkətdir. Tək məqsəd dövlətin təhlükəsizliyinə fayda vermək olan Kohenə aid yadigarı geri gətirmək olub. Biz hər zaman onu xatırlayacağıq”, - Baş nazir bildirib.

“Əli bu saatı həbs edildiyi Suriyada qoluna taxırdı. Bu qol saatı onun saxta ərəb kimliyinin bir parçasıydı”, - MOSSAD direktoru Yossi bildirib.

Ancaq Əli Kohenin qol saatı ilə bağlı ziddiyyətli xəbərlər də dolaşır. İsrail ordusunun radiosu xəbər yayıb ki, Kohenin ailəsi saatın gizli əməliyyatla deyil, internet vasitəsilə satın alındığını bəyan edib.

Casusun dul xanımı Nadia Kohen söyləyib ki, onlar saatı pulla satın alıblar:

“Bir neçə ay əvvəl MOSSAD bizimlə əlaqə saxladı və saatın satışa çıxarılacağını bildirdi. Ancaq bunun zamanı və yeri haqqında informasiya vermədi”.

Casusun qızı isə deyib ki, onlara saatin düşmən bir ölkədə olduğunu deyiblər:

“Bunun Suriya olduğu deyildi. Ancaq saatı internet üzərindən aldıq. Bu atamdan bizə keçən ilk və tək əşyadır. Bir günün onun məzarının da ölkəyə gətiriləcəyinə ümid edirik”.

Yeri gəlmişkən, “Haaretz” qəzeti Kohenin qol saatının satın alınıb-alınmadığına dair baş nazirin ofisinə informasiya sorğusu versə də, ofis bu barədə şərh verməyib.

Bəs əslində Əli Kohen kimdir?

Əli Kohen 1924-cü ildə İsgəndəriyyədə Suriya əsilli bir ailənin övladı olaraq doğulub. 1951-ci ildə yəhudilərə qarşı kampaniya çərçivəsində həbs edilib. 1955-ci ildə İsrail kəşfiyyatı Qərb ilə Misirin münasibətlərini pozmaq üçün təxribat əməliyyatları həyata keçirərək İngilis və Amerika missiyalarına hücumlar təşkil etdi. Məqsəd bu hücumlardan sonra Qərbin Misiri ittiham etməsinə nail olmaq idi. Lakin İsrail kəşfiyyat qrupunun bu addımları ortaya çıxarıldı. Əli Kohen Misirdə İsrail kəşfiyyat qrupuna dəstək verənlərdən biri idi, ancaq Misir kəşfiyyatı onun bu işlərdə əli olması haqda ortaya fakt çıxara bilmədi. Bu əməliyyatdan sonra Əli 10 mindən çox yəhudinin Misirdən İsrailə qaçırılması ilə başa çatan Göşen əməliyyatında iştirak etdi.

İş adamı rolunda Argentinadan Suriyaya gəlib

Əli Kohen 1957-ci ildə qayıqla Misirdən İsrailə qaçıb,1960-cı ildə İsrailin hərbi kəşfiyyat xidmətinə işə götürülüb. Bir müddət İsraildə təlim keçdikdən sonra Kamal Emin Sabit adı ilə Argentinaya göndərilib. Bundan sonra isə Suriyada Argentinadan gələn zəngin suriyalı iş adamı rolunda işə başlayıb. 1961-ci ildə BƏƏS partiyasının üzvü olub, 1962-1965-ci illərdə Suriyanın cənub cəbhəsində səfərlərdə olub, beləcə 1967-ci ildə 6 günlük müharibə zamanı İsrailin qələbəsinə səbəb olacaq məxfi informasiyalar toplayaraq Təl-Əvivə göndərib.

Onun ifşa olunmasında KQB-nin mühüm rolu olub

Suriyalı rəsmilərlə çox yaxın olmasına güvənərək İsrailə informasiyaları mənzilində qurduğu teleqraf cihazından Morze kodundan istifadə edərək göndərməyə başlayıb. Ancaq onun göndərdiyi siqnallar mənzilinin qarşısında yerləşən Suriya Baş Qərargahının radiosunun siqnalları ilə qarışdığı üçün casus sonda ifşa edilib.
Suriya ilk olaraq SSRİ-dən kömək istəyib. SSRİ-dən xüsusi cihazlar gətirilib və plan hazırlanıb. Plana əsasən, bir axşam ziyafətinə əksər xarici missiyalar dəvət olunub. Eyni anda ölkədəki bütün radio yayımları dayandırılıb. Tək siqnal gələn məkan isə Əli Kohenin mənzili olub. Dərhal evə basqın olunub və casus Kohen yaxalanıb.

Kohen Dəməşqdə edam olunur

Həmin dövrdə Suriyada mövcud olan fövqəladə vəziyyət rejiminə əsasən, Əli Kohen məhkəməyə çıxarılıb və ölüm cəzasına məhkum olunub. 1965-ci ilin 18 martında Dəməşqdə Merce adlanan meydanda nümayişkarənə şəkildə edam olunub.

İsrail tərəfi 1965-ci ildən indiyə qədər Əli Kohenin nəşini axtarır, onu əldə edib vətəninə gətirmək niyyətindədir. Ancaq edamdan sonra Əlinin nəşinin tapılmaması üçün onun dəfn edildiyi yer dəfələrdə dəyişdirilib. Artıq İsrail rəsmilərinin özü belə casusun harada dəfn edildiyindən xəbərsizdir.

Casusun nəşinin İsrailə verilməsi üçün göstərilən cəhdlər nəticəsiz qalıb. 2007-ci ildə Türkiyə bu prosesə daxil olsa da, nəticə dəyişməyib.

Reaksiya.az

 

Şərhlər