ABŞ bütün dünya ilə savaşır: - “Beynəlxalq köləlik” ssenarisinə start verilib
16.08.2018 15:48 Dünyadan reaksiya 909
Ağ Evin “iqtisadi terror”unun qarşısı alınarsa, dollarsız ödəniş variantı tapılarsa, bu, ABŞ-ın özünün iflası ilə nəticələnə bilər...
Dünyada yeni dönəm başlayıb. Hər yerdə savaş var. Demək olar ki, bütün dövlətlər bir-biri ilə qovğalıdır. Heç bir dövlətlə, heç bir problemi olmayan bir dövlət belə, tapmaq mümkün deyil.
Amma bir dövlət də var ki, həmin ölkənin bütün dünya ilə problemləri var. Həmin dövlət hamıya barmaq silkələyir, hədə-qorxu gəlir, az qala bütün dünya ilə savaşır.
Bəli, ABŞ hazırda dosta-düşmənə baxmır. Dünyanın ən nüfuzlu dövlətlərinə “həddini bildirir”. Daha dəqiq desək, ABŞ bütün dünyanı qarşısına alıb. Elə digər dünya dövlətlərini bir-biri ilə qovğalı edən də məhz ABŞ-ın özüdür.
“Bunun axırı hara gedəcək” sualı hələlik cavabdan məhrumdur. Sadəcə, anlaşılan odur ki, belə davam edərsə, bəşəriyyəti heç də yaxşı gələcək gözləmir.
Təbii ki, dünyanın belə xaosun içinə çəkiləcəyi hələ bir neçə il öncədən ehtimal olunurdu. O adam (Donald Tramp) Ağ Evə sahibləndiyi gün dünya üçün bir çox şeylərin pisə doğru dəyişmək ərəfəsi olduğu aydınlaşmışdı. Çünki Ağ Evə sahiblənən o adam dünyaya “qara gün” vəd etdiyini qətiyyən gizlətməmişdi.
“Qara gün” vədinin şifrəsi isə çox sadə və konkret idi: “Dünyada yeni qaydaların tətbiq olunmasının vaxtı çoxdan çatıb. ABŞ-ın maraqları hər şeydən və hər kəsdən daha üstündür”.
Bu vəd dünyada dərhal qorxu yaratmışdı. Çünki dünya ötən əsrdə bu “filmi” artıq bir dəfə görmüşdü. Rejissoru və ssenaristi də o adamla (D.Trampla) eyni milli mənsubiyyətli Adolf Hitler idi. O da “YENİ QAYDALAR” və “HƏR ŞEY ALMANİYA ÜÇÜN” sərsəmləməsi ilə bütün dünyanı fəlakətə, xaosa sürükləmişdi. Hətta üzərindən 73 il ötməsinə baxmayaraq, o fəlakətin izləri hələ də tam silinməyib.
İndi buyurun... Yenə də “YENİ QAYDALAR” və yeni qlobal fəlakət, xaos təhlükəsi... Birinin üzərindən heç 100 il ötməmiş daha bir fəlakət ssenaristi, “YENİ QAYDALAR” xaosu çox deyilmi? Müasir dünya buna bir daha tab gətirmək imkanındadırmı?
Bu sual da hələlik cavabsızdır. Amma məlum olan odur ki, ssenaristinin və rejissorunun kimliyindən asılı olmayaraq, müasir dünya bu “fəlakət filmi”nə təkrar baxmağa həvəs göstərməz.
Böyük ehtimalla o adamın savaş açdığı dövlətlər fəlakətdən yayınmağın yollarını birlikdə axtarmaq məcburiyyətində qalacaqlar. Yəqin ki, öz aralarındakı narazılıqları da heç olmasa, müvəqqəti də olsa, bir kənara atmalı olacaqlar.
Yəni o adamın fəlakət ssenarisi iqtisadi savaşın hədəfinə çevrilmiş dövlətləri ABŞ-a qarşı əks qütbdə birləşdirə bilər. Çünki ABŞ çox güclüdür, əlində topu-tüfəngi, “iqtisadi silahları”, “dollar çomağı” var və rəqibləri təklikdə bu superdövlətlə baş etmək imkanında deyillər.
O adamın əlindəki “dollar çomağı” isə hansı dövlətin başına endirilirsə, sarsıdıcı effekt verir. Təkbaşına duruş gətirmək isə qeyri-mümkündür. Demək, bu “dollar çomağı”ndan yayınmaq üçün başını kənara qaçırtmaq yetməz, birləşərək müdafiə olunmaq lazımdır.
Əslində bu, o qədər də fantastik çıxış yolu deyil. İlk öncə dünyada “dollar çomağı”nın sarsıdıcı effektini zərərsizləşdirmək üçün fərqli ödəniş vasitəsi tapmaq lazımdır. Yəni başına “çomaq vurulan” və perspektivdə belə təhlükə ilə üzləşə biləcək bütün dövlətlər dollarsız ticarət variantına keçid barədə düşünməlidirlər.
Bəziləri bunun mümkün olmadığını iddia edə bilərlər. Ancaq bəzi əlamətlər bunun əksini göstərir. Yəni ABŞ-ın və Ağ Evdəki o adamın qarşısından geri çəkilməyin dünyada “beynəlxalq köləlik” mühiti yaradacağını anlayan hədəf dövlətlər bir-birinə dəstək əlini uzanmağa başlayıblar.
Məsələn, Türkiyə və Rusiya öz aralarında milli valyutalarla və ya barter üsulu ilə ticarətin mümkün ola biləcəyinin ilk mesajlarını veriblər. Eyni mesaj İran tərəfindən Çinə də ünvanlanıb. Belə ki, rəsmi Tehran Çinə İranın milli valyutası ilə neft satmağa hazır olduğunu bəyanlayıb. Və bu kimi anlaşmaların zamanla daha da arta biləcəyi istisna deyil.
Bütün bunlar onu göstərir ki, hər halda, vəziyyət qətiyyən ümidsiz deyil. Həm də ki, yaxın keçmişdə dünyada ticarət və iqtisadi münasibətlər dolların iştirakı olmadan mövcud olub. Sonradan ABŞ dolları beynəlxalq ödəniş valyutasına çevirməyə nail olmaqla, dünyada “iqtisadi əsarət” dövrünü başlatmaq imkanı qazandı.
O adam “dollar çomağı”nı sağa-sola yelləməklə, bunun nə qədər təhlükəli dövr olduğunu tam çılpaqlığıyla ortaya çıxartmış oldu. İndi dollarsız dönəmə qayıdışın başladılmasının vaxtı çatıb. Bundan sonra dünya dövlətləri ya dollarsız ödəniş variantını tapacaqlar, ya da ABŞ-ın “iqtisadi əsarət”ində qalmaqla barışmalı olacaqlar.
İkinci variant dünyanı çox qorxunc vəziyyətə sala bilər. Çünki kim sözə baxmasa, ABŞ-ın “dollar çomağı” başına enəcək, “iqtisadi terror”a məruz qalacaq, hədəf dövlətlərin əhalisi aclıq və səfalətə sürüklənmiş olacaq.
Ancaq bunun qarşısı alınarsa, dollarsız ödəniş variantı tapılarsa, bu, ABŞ-ın özünün iflası ilə nəticələnə bilər. Çünki dollar dünyada öz ödəniş əhəmiyyətini itirərsə, ABŞ iqtisadiyyatı da sürətlə zəifləyər, nəticədə bu superdövlətin bəşəriyyəti qorxu altında saxladığı kütləvi qırğın silahlarını istehsal etmək imkanları məhdudlaşar və Ağ Evin beynəlxalq hərbi-siyasi iradəsinin də önəmi qalmaz.
Əslində o adamın atdığı son addımlar, onun qarşısına çıxan hər dövləti “iqtisadi terror”un hədəfinə almaq əyləncəsi ABŞ-ın özünə qarşı da çevrilə bilər. Çünki o adam ABŞ-ı bütün dünyanın düşməninə çevirməyə başlayıb. Bütün dünya ilə eyni vaxtda savaşmaq isə çox çətin və təhlükəli məşğuliyyətdir.
Dünya tarixində buna bənzər həvəsə düşən başqa nəhəng imperiyalar da olub. Ancaq o imperiyaların heç birisi dünya ilə savaşdan qalib ayrıla bilməyiblər. Əksinə, özləri iflasa uğrayaraq, məhv olub, tarixin mülkiyyətinə çevriliblər.
Deyəsən, o adam özü də istəmədən ABŞ-a həmin imperiyaların taleyini yaşatmaq üçün əlindən gələn hər şeyi edir. Vaxtilə Mixail Qorbaçov SSRİ-nin prezidenti seçildikdən sonra atdığı bəzi yolverilməz addımlarla sovet imperiyasına oxşar taleyi yaşatmağa nail olmuşdu. Hətta o dövrdə bəzi müdrik adamlar “Bu xallı adam belə davam etsə, SSRİ-ni dağıdacaq” deyirdilər. O vaxt SSRİ-nin qüdrətini nəzərə alanlar, müdriklərin dediklərini cəfəngiyyat hesab etsələr də, onların ehtimalları reallığa çevrildi.
İndi də deyəsən, Ağ Evdəki saçları laklanmış o sarışın adam ABŞ-ı çökdürəcək. Əgər SSRİ kimi nəhəngin iflası mümkün oldusa, ABŞ-ın sıradan çıxması da qeyri-real görünməməlidir.(Musavat.com)
Şərhlər