Bütün Ermənistan küçələrə axışdı - VİDEO

18.08.2018 15:06     Dünyadan reaksiya     998

1 mart işi tamamilə açılıb. Bunu mitinqdə Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, həmin cinayətin başçılarından kiminsə məsuliyyətdən yaxa qurtarması kimi bir variant yoxdur. 2008-ci ilin mart ayının 1-də on nəfərin qətlində günahı olanlar cəzalandırılacaqlar.

“İndi çoxu sayılı saatlarının qaldığını və yerlərinin türmə olduğunu, xalq qarşısında cavab verməli olacaqlarını anlayaraq, özlərini siyasi təqib qurbanı kimi təqdim etməyə çalışırlar”, - erməni baş nazir vurğulayıb.

“Hamınız qatil kimi həbs olunacaqsınız. Mən bunu erməni xalqı, Ermənistan vətəndaşları adından söyləməyə vəkil edilmişəm”, - Paşinyan qeyd edib.

O diqqət yetirib ki, bəzi adamlar Ermənistanda “vətəndaş müharibəsi”nin mümkünlüyünü bildirirlər: “Vətəndaş müharibəsi yalnız sizin ofislərinizdə ola bilər. Neçə vətəndaşın dəstəyinə maliksiniz ki, vətəndaş müharibəsi olsun? 17 keçmiş korrupsioner və daha 22 uydurma sosial şəbəkə hesabı. Budur sizin vətəndaş dəstəyiniz”, - Paşinyan deyib.

Onun sözlərinə görə, əgər kimsə bir də “vətəndaş müharibəsi” təhlükəsi ilə hədələsə, onunla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olacaq.

“Sizdən gizli Qarabağla bağlı heç bir kağızı imzalamaram. Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm, özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox”, - Yerevanın Respublika meydanındakı mitinqdə Paşinyan deyib.

O, rəqiblərini KİV-lərin alınmasında, sosial şəbəkələrdə uydurma hesabların yaradılmasında və Paşinyan hökumətinin hakimiyyətə “torpaqları təhvil vermək” üçün gəldiyi barədə şayiələr yaymaqda ittiham edib.

Paşinyanın sözlərinə görə, əslində bunu ondan əvvəlkilər etmək istəyirdilər və onun əlində bunu sübut edən bütün sənədlər var.

“Biz sülh yolu ilə tənzimlənməyə hazırıq. Lakin mənim torpaqları təhvil vermək niyyətində olduğumdan şübhələnən anlamır ki, məsələni hökumət həll etmir, xalq həll edir”, - Paşinyan əlavə edib.

O vurğulayıb ki, indiyə kimi Qarabağ üzrə heç bir danışıq aparmayıb.

“Bu gün erməni xalqı heç vaxt olmadığı qədər birlik nümayiş etdirir. Bu gün bütün erməni xalqının qələbə günüdür. Bu erməni xalqının birlik mitinqidir”, - virtualaz.org “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Nikol Paşinyan deyib.

Mitinq iştirakçılarının əllərində Serj Sarkisyanın üstündən xətt çəkilmiş portretləri var.

Nikol Paşinyan onu da bildirib ki, aprel hadisələrinin əsl səbəbkarı erməni xalqıdır, nə Qərb, nə də Şimal deyil.

“Ermənistanda xalqın birbaşa hakimiyyəti bərqərar olub”, - baş nazir əlavə edib.

İrəvanın Respublika meydanında baş nazir Nikol Paşinyanın çağırdığı mitinq başlayıb. Mitinqdə Paşinyan baş nazir postunda olduğu 100 günə yekun vurur.

Virtualaz.org-un xəbərinə görə, Ermənistan paytaxtının əsas meydanında yüz minlərlə insan ölkənin hazırkı hökumətini və N.Paşinyanı dəstəkləmək üçün toplaşıb.

“Bu mitinq heç kimə qarşı yönəlməyib”, - Paşinyan bildirib və əlavə edib ki, aksiya yalnız xalqın “məxməri inqilab”da qələbəsinin 100 gününü simvolizə edir.

O həmçinin qeyd edib ki, baş vermiş hadisə məhz inqilab idi, çünki idarəçilik sistemi dəyişdirilib.

Reaksiya.az

Şərhlər