Ermənistan polis qoşunlarını Azərbaycanla sərhədə yola salır
20.08.2018 12:49 Dünyadan reaksiya 914
Ermənistan daxili qoşunlarının ilk bölmələri döyüş növbətçiliyi üçün avqustun 23-də Azərbaycanla sərhədə göndəriləcək.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ermənistan Polisinin rəhbəri Valeri Osipyan daxili qoşun hissələrinin Azərbaycanla sərhəddə döyüş növbətçiliyinə göndərilməsinə hazırlıqla bağlı keçirdiyi müşavirədə deyib.
“Polis qoşunları öz intizamı ilə fərqlənir. Sizin çoxillik təcrübəniz var, döyüş yolu keçmiş komandirlər də var. Mən tamamilə əminəm ki, sizlər qarşıya qoyulmuş döyüş vəzifəsini yerinə yetirəcəksiniz”-Osipyan daxili qoşun komandirlərinə bildirib.
Valeri Osipyan xatırladıb ki, Ermənistanın polis qoşunları Qarabağda 2016-cı ilin aprelində gedən döyüşlərdə də iştirak edib. Polis rəisi qeyd edib ki, “ilk fürsətdə” onun özü də döyüş mövqelərinə baş çəkəcək.
Ermənistan daxili qoşunlarının ilk bölmələri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Tavuş vilayətində döyüş növbətçiliyinə başlayacaq.
Xatırladaq ki, Ermənistan daxili qoşunlarının Azərbaycanla sərhəddə döyüş növbətçiliyinə cəlb olunmasını müdafiə naziri David Tonoyan təklif etmişdi. Azərbaycan tərəfinə məlumdur ki, Ermənistan ordusunun sərhəd boyu postlarında canlı qüvvə çatışmadığı üçün yaxınlıqdakı kəndlərin mülki sakinləri müəyyən muzd qarşlılığında postlarda növbətçiliyə çıxır. Bu zaman hərbi intizamın olmamasından irəli gələn insidentlər baş verir. Yaxud içib sərxoş olan muzdlular Azərbaycan mövqelərinə və kəndlərinə xaotik atəş açırlar.
Ehtimal edilir ki, daxili qoşun bölmələrinin Azərbaycanla sərhədə yerləşdirilməsindən sonra Ermənistan Müdafiə Nazirliyi Qarabağa əlavə canlı qüvvə göndərmək imkanı əldə edəcək. Çünki Qarabağda da təmas xətti boyu erməni ordusunun canlı qüvvə çatışmamazlığı mövcuddur. Postların bir çoxunda iki-üç hərbçi dayanır, yaxud bəzi müşahidə məntəqələri boş qalır.
Valeri Osipyanın sözlərindən o da məlum olur ki, 2016-cı ilin aprelində Azərbaycan ordusunun cəmi iki-üç briqadasının keçirdiyi əks-həmlə əməliyyatı qarşısında nəinki Dağlıq Qarabağdakı işağlçı qüvvələr, eləcə də Ermənistandan əlavə qüvvələr və hətta daxili qoşun bölmələri də səfərbər olunub.
Reaksiya.az
Şərhlər