ABŞ-ın dünya nəhəngi şirkətləri və büdcələri - siyahı

21.08.2018 15:02     Dünyadan reaksiya     1272

Tramp onların gücündən sui-istifadə edir

Son həftələrdə Azərbaycanın yerləşdiyi regionda yerləşən 3 böyük ölkə - İran, Rusiya və Türkiyə ABŞ sanksiyaları səbəbindən ciddi gərginliklə üzləşdilər. Hər üç ölkədə milli valyutalar dəyərsizləşdi, iqtisadiyyatın müxtəlif sahələrində təlatümlər meydana gəldi.

Qeyd edək ki, son aylarda ABŞ yalnız adları çəkilən ölkələrlə deyil, Çin və Avropa ilə də iqtisadi problemlər yaşamaqdadır. Bu ölkənin prezidenti Donald Tramp az qala hamıya qarşı iqtisadi sanksiyalar, məhdudiyyətlər, yaxud əngəllər tətbiq etməkdə qərarlı görsənir.

ABŞ-ı bütün digər dövlətlərə iqtisadi cəbhədə meydan oxuyacaq qədər güclü edən nədir? Bu ölkənin gücünü dünyada hansı şirkətlər tanıdır?

Suallara cavab tapmaq üçün onu qeyd etmək  kifayətdir ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatına malik tək ölkədir. Hazırda dünya üzrə ümumi daxili məhsulun 30 faizə qədəri məhz bu ölkədə istehsal olunur. Elə buna görə də dünyanın ən böyük şirkətlərinin, korporasiyalarının əksəriyyəti ABŞ mənşəlidir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada ilk onluqda ABŞ şirkətləri yer almasın. Belə demək mümkündürsə, dünyanın ən varlı adamları da amerikalıdır, ən böyük şirkətləri də.

Ä°lgili resim

Böyük Britaniyaya məxsus “İnterbrand” konsaltinq agentliyinin hər il tərtib etdiyi dünyanın brend şirkətlərinin reytinqində ilk onluğun 7-si ABŞ-a məxsusdur. Bu reytinqin 2018-ci il nəticələrində ilk yeri tutan “Apple” şirkətinin bazar dəyəri bu yaxınlarda 1 trilyon dolları ötüb. Belə ki, avqustun 2-də  Apple səhmləri Nyu-York Fond Birjasında hər səhm üçün 201,50 dollar səviyyəsindən 2,75 faiz artaraq 207,05 dollara yüksəlib.

Nəticədə, rəsmi rəqəmlərə görə, bazar dəyəri 1 trilyon dollara çatan Apple, dəyəri 1 trilyon dollar olan ilk amerikan şirkəti oldu. “Apple”nin açıqladığı göstəricilərə əsasən, şirkətin gəliri 17,3 faiz artaraq 53,26 milyard dollar təşkil edib. Bu ilin aprel-iyun aylarında şirkətin xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artaraq 11,52 milyard dollar olub.

Apple 1976-cı ildə yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firmasıdır.

Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Şirkətin 116 min nəfər işçisi var, illik dövriyyəsi 232,5 milyard dollar təşkil edir.

İkinci yeri tutan  “Amazon” virtual alqı-satqı şirkətinin dəyəri 938 milyard dollara çatıb. 2018-ci ilin əvvəlindən onun səhmləri 64,3 faiz, son bir ildə isə 95,5 faiz artıb. Yaxın aylarda “Amazon”un da dəyər baxımından “Apple”ın rekordunu yeniləyəcəyi gözlənilir.

“Amazon” şirkətinin əsası Cef Bezos tərəfindən 1994-cü ildə qoyulub. Hazırda C.Bezos 150 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısına başçılıq edir. Şirkətin illik dövriyyəsi 178 milyard dollar civarındadır, 566 min nəfər işçisi var.

“Amazon" office ile ilgili görsel sonucu

Bazar dəyəri 850 milyard dolları ötən “Google” şirkəti həmvətənlərini əzmlə təqib edir. Xüsusilə reklam gəlirləri yüksək olan şirkətin də bu ilin sonunadək 1 trilyon dollarlıq həddi keçəcəyi gözlənilir.

Şirkətin əsası 1995-ci ildə ABŞ-da biri rusiyalı mühacir olan iki tələbə tərəfindən qoyulub. Ötən il illik gəliri 110,8 milyard dollar təşkil edib. İşçilərinin sayı 81 min  nəfərə yaxındır.

Dünyanın dördüncü bahalı brendi olan “Mikrosoft” korporasiyası da ABŞ-a məxsusdur. Onun mənzil-qərargahı Vaşinqton ştatının  Redmond şəhərində yerləşir. Bazar dəyəri 700 milyard dollar hesablanan “Mikrosoft”un yaradıcısı Bill Geyts uzun illər boyu dünyanın ən varlı adamlarının siyahısına başçılıq edib. 2017-ci ildə illik dövriyyəsi 87 milyard dollara yaxın olub. 120,8 min nəfər işçisi var.

coca-cola office ile ilgili görsel sonucu

Beşinci bahalı brend olan “Coca-Cola”nın artıq 150 yaşına az qalıb. Əsası 1886-cı ildə ABŞ-ın Corciya ştatında qoyulub. Onun  məhsulları hazırda dünyanın 200-dən çox ölkəsində satılır. Bəzi məlumatlara görə, dünya əhalisinin 94 faizdən çoxunun “Coca-Cola” barədə məlumatı var. Bu brendin bazar dəyəri 300 milyard dollar hesablanır. Ötənilki dövriyyəsi 35,4 milyard dollar təşkil edib.

Qiymətli brendlər siyahısında yeddinci olan “Disney” dünya əyləncə biznesinin liderlərindən biri sayılır. Əsası 1923-cü ildə Uolter və Roy Disneylər tərəfindən qoyulub. Bazar dəyəri 210 milyard dollar hesablanır. Ötənilki dövriyyəsi 57 milyard dollar olub. 200 min nəfərə yaxın işçisi var.

Nəhayət, Interbrand tərəfindən dünyanın 10-cu bahalı brendi adına layiq görülən IBM şirkəti də ABŞ-a məxsusdur. Əsası 1880-ci illərdə qoyulan bu şirkətin  əsas fəaliyyət sferası aparat və proqram təminatı, İT, konsaltinq xidmətlərinin təqdimatıdır. IBM ABŞ hərbi aviasiyasının proqram təminatı sahəsində ciddi uğurlara imza atmış şirkətlərdən biridir. Bazar dəyəri 160 milyard dollara yaxın, illik dövriyyəsi 81 milyard dollardır. 380 min nəfərə yaxın işçisi var.

Bu şirkətlərdən əlavə, ABŞ-ın digər reytinq hesabatlarında yer tutan nəhəng korporasiyaları da var. Bu korporasiyalar ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Bunlar arasında dünyanın az qala hər nöqtəsinə səpələnmiş McDonalds qəlyanaltı şəbəkəsindən tutmuş, Nike, Calvin Klein kimi geyim firmalarına, “Boeing” kimi dünya aviasiya nəhənginə, General Motors, Ford və Fiat Chrysler kimi avtomobil sənayesi liderlərinə, silah-sursat, hərbi texnika istehsalçısı olan Lockheed Martin Corporation-a, Facebook-a, neft nəhəngi “Exxon Mobil”ə qədər çoxsaylı şirkətlər var. Onların hər birinin dəyəri bir neçə on milyard dollarla ölçülür.

Beləliklə, görünən odur ki, dünya nəhənglərinin vətəni olan ABŞ hegemon mövqeyindən istənilən zaman, istənilən ölkəyə qarşı rahatlıqla istifadə edə bilir. D.Trampın hamıya qarşı arxayınlıqla iqtisadi savaş açmasının arxasında da bu hegemoniya dayanır. Necə deyərlər, başında dayandığı ölkənin iqtisadi gücünü bilir. Amma onun bu gücü hamıya, hər kəsə qarşı vuruşmaq üçün istifadə etməklə nə qədər uzağa gedə biləcəyini söyləmək çətindir.(Musavat.com)

Reaksiya.az

Şərhlər