Üç yüz minlik rus ordusu hərəkətə keçdi, dünya baş verənləri həyəcanla izləyir

11.09.2018 13:15     Dünyadan reaksiya     898

Proses birbaşa Rusiya müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi altında həyata keçirilir

Rusiyanın Uzaq Şərq vilayətində "Vostok – 2018" hərbi manevrləri başlayıb.

Bu hərbi manevrlər müasir Rusiya tarixində ən böyük təlimlərdir.

Hərbi manevrlər Rusiya müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi ilə 11-17 sentyabr tarixlərində Rusiyanın Uzaq Şərq vilayətində və Sakit okean hövzələrində keçiriləcək. Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, bu, son 37 ildə baş tutan ən böyük hərbi təlimdir.

Ümumilikdə, təlimlərə 300 minə qədər hərbçi, on minlərlə zirehli maşın, helikopter, təyyarə, pilotsuz uçuş aparatı cəlb ediləcək. Həmçinin təlimlərin bir mərhələsinə Monqolustan və Çindən olan hərbçilər də qatılacaq.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, "Vostok-2018" təlimlərində ölkənin müdafiəsinin təmin olunması üçün qoşun növlərinin birgə tətbiqi nəzərdən keçiriləcək. Təlimlər zamanı, həmçinin Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı əlaqələrin təşkili nəzərdən keçiriləcək.

Hərbi təlimləri Rusiya prezidenti Vladimir Putinin də izləyəcəyi gözlənilir.


Reaksiya.az
 

Şərhlər