Ermənistan parlamentində Azərbaycana qarşı müharibə repetisiyası qərarı

13.09.2018 11:58     Dünyadan reaksiya     1012

Ermənistan parlamentinin sentyabrın 12-də keçirilən iclasında avantürist qərar çıxarılıb. Belə ki, işğalçı ölkənin Milli Məclisinin fövqəladə iclasında Azərbaycana rəsmən müharibə elan edilməsi haqda qərar qəbul olunub. Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir. Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni parlamenti bu qərarı bir gün əvvəl Ermənistan ərazisində başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində qəbul edib.

Qəbul edilmiş sənəddə deyilir ki, Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə“ təklifini əsas tutaraq, Ermənistan Konstitusiyasının 118-ci maddəsini əsas götürərək, Ermənistan Milli Məclisinin Nizamnaməsinin 105-ci bəndinə əsaslanaraq parlament Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır.

 Qeyd edək ki, Ermənistanda 11 sentyabrdan etibarən “Şant-2018” komanda-qərargah təlimləri keçirilir. Təlimlər 14 sentybaradək davam edəcək. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakter daşıyır və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Ancaq Ermənistan parlamentinin bu qərarı Paşinyan hökumətinin işğalı davam etdirməkdə qərarlı olduğunu və danışıqları pozmaq niyyətini nümayiş etdirir. Bu, həm də hakimiyyətin diqqətini daxildəki qarışıqlıqlardan yayındırmaq, xalqın diqqətini “xarici düşmənə” yönəltmək cəhdi də sayıla bilər.

Reaksiya.az

Şərhlər