"PAŞİNYANIN DİPLOMATİK MƏĞLUBİYYƏTLƏRİNİN SAYI DURMADAN ARTIR"

13.09.2018 15:16     Dünyadan reaksiya     816

 

"Artıq dünyada baxışlar dəyişir, aqressiya, terror, repressiya kimi davranışları dünya ölkələri qəbul etmir”.
 
Bunu "Sherg.az”a Ermənistanda hökm sürən xaotik vəziyyət haqqında danışarkən millət vəkili Aydın Hüseynov söyləyib. 
 
Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti regionda özünü iqtisadi baxımdan təcrid edilmiş dövlətə çevirib:
 
"Bu ölkənin perspektivi yoxdur. Ən başlıcası isə ermənilər oradakı hadisələri nə qədər demokratik proses kimi dəyərləndirməyə çalışsalar da, reallıq etirazlar, iğtişaşlar formasında üzə çıxır.
 
Azərbaycan isə demokratik prinsiplərə söykənən açıq siyasət yürüdür. Ölkəmiz digər dövlətlər üçün etibarlı tərəfdaşdır. Hər bir ölkənin maraqlarını nəzərə alır.
 
Azərbaycan 20 faiz torpaqları işğal altında olan ölkədir və bir milyondan çox qaçqın-məcburi köçkünü var. Ölkəmiz bu problemlərlə üz-üzə olmaqla bərabər, regionda güclü dövlət kimi yüksəlməyi bacarıb. Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında olan Azərbaycan iri regional layihələrə imza atıb. Həmçinin biz Rusiya, İran, Türkiyə, Gürcüstan, Xəzərsahili dövlətlər və digərləri ilə münasibətlərini möhkəm qurmuşuq. Bu gün dünya arenasında Ermənistan və Azərbaycan heç cür müqayisə edilə bilməz. Dünya dövlətləri zaman keçdikcə, Ermənistandan üz döndərir. Onların beynəlxalq hüquq prinsiplərinə hörmətsizliyini qəbul etmir”.
 
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini pozacaq destruktiv bəyanatlarla çıxış etməsinə diqqət çəkən A.Hüseynov onu da qeyd edib ki, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu məsuliyyətsiz açıqlamalar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır:
 
"Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə, Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır. İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır.
 
Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi – Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən edən faktorlardır”.
 

Şərhlər