Paşinyan yenə addım atır
14.11.2018 13:24 Dünyadan reaksiya 865
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlament seçkisində “Mənim addımım” blokunun namizədlər siyahısına başçılıq edəcək. Novator.az-ın məlumatına görə, blokun namizədlərinin ilk sıralarında baş nazirin birinci müavini Ararat Mirzoyan, parlamentdəki “Çıxış” fraksiyasının rəhbəri Lena Nazaryan, baş nazirin müavini Tiqran Avinyan, nazirlər və deputatlar yer alır.
Noyabrın 1-də Ermənistan parlamenti buraxılıb. Növbədənkənar parlament seçkisi dekabrın 9-da keçiriləcək.
Ermənistanın indiki parlamenti 2017-ci il aprelin 2-də seçilib. 2008-ci ildən prezident olan Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib.
Xalq etirazlarına Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. O, martın 31-dən aprelin 13-dək Gümrü, Spitak, Dilican, Sevan, Razdan şəhərləri boyunca Serj Sərkisyanın əleyhinə “Mənim addımım” adlı yürüş keçirib. Aprelin 13-dən paytaxt Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalar Serj Sərkisyanın hakimiyyətdən getməsinə gətirib. Mayın 8-də Nikol Paşinyan baş nazir postuna keçib.
Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsi olub. Baş nazir istefa verdikdən sonra iki həftə ərzində hökumətin yeni başçısı seçilmədiyi üçün parlament konstitusiyanın hökmü ilə buraxılıb.
Hazırda Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir.
Şərhlər