Bakı öz iradəsini yeritdi: Nikol iddiasından geri çəkildi
19.01.2019 18:21 Dünyadan reaksiya 782
Ölkə daxilində aparılan bir sıra mühüm struktur islahatları Azərbaycanın xarici siyasətinin daha da güclənməsinə təkan verəcək.
Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, bu da özlüyündə Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oyana bilər:
“Azərbaycan xarici siyasətdə çox uğurlu addımlar atıb. Bu gün mühüm beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanı işğalçı kimi tanıyıb. Ermənistanın Dağlıq Qarabağın tanınması istiqamətindəki bütün səyləri iflasa uğrayıb. Bunun da əsas səbəbi Azərbaycanın uğurlu xarici siyasətidir. Bu zəmində hesab edirəm ki, ölkə daxilində aparılan bir sıra mühüm struktur islahatları Azərbaycanın xarici siyasətinin daha da güclənməsinə təkan verəcək”.
Ekspert bu fonda qarşıda Dağlıq Qarabağla bağlı maraqlı hadisələrin olacağını deyib:
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşdən iki nəticə hasil olur. Belə ki, Parisdə həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşün keçirilməsinə dair qərar qəbul ediblər. Bu isə qarşıda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünə hazırlıqdan xəbər verir. Bu, olduqca önəmli bir məqamdır və Paşinyanın Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bütün səylərinin üstündən xətt çəkir. Paris müzakirələrində İrəvanın sözügedən təklifinin rədd edilməsi Azərbaycanın mühüm diplomatik uğurudur. Beləliklə, heç bir halda danışıqlarda Azərbaycan sərhədlərinin toxunulmazlığının müzakirəsindən söhbət gedə bilməz. Söhbət yalnız Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində veriləcək statusdan gedə bilər”.
Politoloq Azərbaycanın hazırkı strategiyasının çox düzgün seçildiyini qeyd edib:
“Əslində, Dövlət Sərhəd Xidmətinin bölmələrinin təmas xəttinə nəzarəti ilə bağlı tapşırıq da birbaşa danışıqlar prosesinin davamına hesablanıb. Azərbaycanın bu strateji sabitlik planı sülhün qorunmasına xidmət etməklə yanaşı, danışıqlar prosesindəki əngəlləri də aradan qaldırır. Bu mənada Paşinyan hökuməti artıq hansısa addımları atmağa məcburdur. O ya güclənməyi, ya da uduzmağı gözə almalı olacaq. İstənilən halda hər iki variant Azərbaycanın xeyrinədir. Birinci variant Bakıya ona görə sərf edir ki, Qarabağ klanına qarşı siyasət daha da kəskinləşəcək və həbslərin siyahısı uzanacaq”.
Şərhlər