Jurnalistin ölümünə görə Paşinyana “gözün üstə qaşın var” deyən olmadı

28.01.2019 13:27     Dünyadan reaksiya     921

Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etdiyi gün İrəvanın “Nubaraşen” həbsxanasında 44 gün aclıq aksiyası keçirən jurnalist, “haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryan səhhətində yaranan problemlərə görə təcili xəstəxanaya köçürüldü. Yegizaryan 2018-ci ilin 5 dekabrında aclıq aksiyasına başlamışdı. Səbəb siyasi mövqeyinə görə Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Paşinyan jurnalisti cəzalandırırdı, çünki o, “inqilaba” dəstək verməmiş və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımlamışdı. 

Yegizaryan siyasi mövqeyinə görə həbsə atıldı, girov qarşılığında sərbəst buraxılmaq xahişi də rədd edildi, ən nəhayət, çıxış yolu kimi aclıq aksiyasına başladı. Lakin bu, ona baha başa gəldi, 44 gün aclıqdan sonra yanvarın 17-də təcili xəstəxanaya köçürülən jurnalist yanvarın 26-da öldü. 

Dəhşətli faktdır, təkcə ona görə yox ki, Paşinyan onun kimi düşünməyən bir jurnalisti qan tökmədən qətlə yetirdi, bu, həm də dünyanın iki yox, qırx sifətini ortaya çıxardı. Siyasi azadlıqları, insan hüquqlarını əlində bayraq edən Avropa və “Köhnə Qitə”nin timsalında bütün Qərb strukturları Cənubi Qafqazın iki ölkəsinə – Azərbaycana və Ermənistana qarşı münasibətdə özünün qırx sifətini bir daha nümayiş etdirdi.

 

Azərbaycanda Mehman Hüseynovun “aclıq aksiyası” şişirdilərək, bütün dünyanın diqqətinə çatdırıldı. “13 günlük quru aclıq”, “Mehman ölümə məhkum edilib” manşetləri atıldı, dünyanın işi-gücü yoxmuş kimi məsələ Avropa Parlamentində müzakirəyə çıxarıldı, Azərbaycana qarşı qətnamə qəbul edildi, lakin qətnamənin qəbul edildiyi gün İrəvan həbsxanasında can verən erməni jurnalistə görə nə Ermənistan hakimiyyətinə, nə də Nikol Paşinyana “gözün üstə qaşın var” deyən olmadı. 

Mehman Hüseynov Azərbaycan Prezidentinə müraciət etməklə onu siyasi ambisiyalarının qurbanına çevirmək istəyən dairələrə cavabını verdi. Prezident İlham Əliyev bir Azərbaycan vətəndaşının müraciətinə dərhal reaksiya verdi və məsələ həllini tapdı. Buna rəğmən, hələ də bəlli dairələr eyni məsələni “saqqıza çevirərək” Azərbaycana qarşı hücumlarını davam etdirirlər.

Ermənistanda isə jurnalistin, siyasi partiya sədrinin müavininin “başını pambıqla kəsdilər”, Avropa niyə susub?! Ona görə ki, “qan tökülməyib?!”.

“Jurnalistin ölümü hakimiyyətin siyasi qətlidir”, bunu erməni şərhçi Qarnika Qevorqyan deyir, biz yox. Bəs, Avropa Ermənistanı niyə görməzdən gəlir? 25 ildir bir milyondan artıq azərbaycanlı Ermənistanın işğalçı siyasətinə görə öz yurdundan didərgin düşüb, insan haqlarından danışan Avropa bu məsələdə özünü “fransızlığa” qoyub. 

Anladıq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi sizi maraqlandırmır, içdiyiniz konyaklar, “xristian həmrəyliyi”, erməni lobbisinin masa altından verdiyi rüşvətlər, etdiyi şantajlar və daha nələr gözünüzü kor edib!

Anladıq, məsələ Azərbaycandırsa vicdanınızı geyindiyiniz marka kostuyumun arxa cibində gizlədirsiniz!

Onu da anladıq ki, insan haqları heç bir yerinizə deyil!

Axı, 44 gün aclıqdan sonra ölən Yegizaryan azərbaycanlı yox, erməni jurnalisti idi. Olmayan məsələni şişirdərək Azərbaycana qarşı şou düzəldən Avropa Ermənistana qarşı niyə qətnamə qəbul etmədi, niyə jurnalistin ölümünün hesabını soruşmadı?! Ona görə ki, bu qətl Ermənistanda baş verib?!

Hərçənd, Avropa Parlamenti 17 yanvarda Azərbaycana qarşı qətnaməni müzakirəyə çıxarıb qəbul edilməsinə vaxt ayırınca, İrəvan həbsxanasındakı siyasi qətlə nəzər yetirsəydi, bəlkə də Paşinyan hakimiyyətinin cinayətinin qarşısı alınardı. Lakin Avropa bu qətlin üzərini torpaqla basdırdı, bu həm də insan haqlarının, demokratiyanın üstünün torpaqlanmasıdır. Məhz 17 yanvar tarixində Ermənistandakı siyasi qətli görzməzdən gəlib, Azərbaycana qarşı “siyasi tamaşanın” səhnələşdirilməsi Avropanın, ümumiyyətlə insan haqları kimi bəşəri dəyərin tarixinə “Qara Yanvar” olaraq düşdü.    

Bu, ikilistandart deyil, bu, dünyanı axmaq yerinə qoymaqdır!

Reaksiya.az

Şərhlər