VAŞİNQTON ƏVVƏL-AXIR GÜCLƏ VƏ FAKTLA RAZILAŞMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQ
07.02.2019 13:19 Dünyadan reaksiya 737
“Bunu Afrin əməliyyatında gördük, Menbiç əməliyyatında da görəcəyik"
ABŞ tezliklə Suriyanın şimalını və xüsusilə Menbiçi tərk edəcəkləri barədə vədləri ilə Türkiyənin səbrini daşırıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bildirib ki, ABŞ növbəti iki həftə ərzində öz vədini yerinə yetirməsə, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacaq: "Bizə Amerikanın sanksiyaları qorxulu deyil və Türkiyə heç nəyə baxmayaraq Suriyanın şimalında təhlükəsizlik zonasını yaradacaq”. Göründüyü kimi, Türkiyə hərbi əməliyyatlara başlamaqda israrlıdır, yəni Ankara qəti qərarını verib. Ekspertlərin fikrincə, Vaşinqton vədinə əməl etməyəcək, Ağ Evin niyyəti zaman qazanmaq və mümkün qədər Yaxın Şərqdəki terrorçu kürdləri türk qoşunlarının zərbəsindən qorumaqdır.
Vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Vaşinqton əvvəl-axır güclə və faktla razılaşmaq məcburiyyətində qalacaq:
"Bunu Afrin əməliyyatında gördük, Menbiç əməliyyatında da görəcəyik. ABŞ və bütün dünya PKK-nın Türkiyə üçün qırmızı xətt olduğunu bilir. Düşünürəm ki, Vaşinqton öz vədinə əməl edəcək. Afrində türk ordusuna mane olmayan güclər Menbiçdə də bunu edə bilməyəcəklər. Yetər ki, Türkiyə Menbiç və bütün Şimali Suriyanı terrorçulardan təmizləsin. Amerika Türkiyə ilə PKK-ya görə üz-üzə gəlməz. Şahmat taxtasında olduğu kimi, siyasətdə də böyük oyunçular ən sonda piyadaları qurban verir. İndi də qurban olma növbəsi PKK-nındır. Şimali Suriya Türkiyə üçün qırmızı xətdir və bu qırmızı xətti keçmək olmaz”.
Şərhlər