Tehran da Pakistanı hədəf seçdi

20.02.2019 14:24     Dünyadan reaksiya     820

Pakistan İranın Zahidan şəhərində SEPAH üzvlərinə qarşı təşkil edilən teraktla bağlı Tehranın istəklərinə yetərli reaksiya vermir.

Bunu İSNA agentliyinə açıqlamasında İran Daxili İşlər nazirinin köməkçisi Hüseyn Zülfüqari deyib.

“Pakistan dövləti bir neçə ildir terrorla mübarizədə bəzi addımlar atır. Lakin təhdidlərin səviyyəsini nəzərə alsaq, deyə bilərik ki, onlar bizim gözləntilərimizi doğrultmayıblar. Onlar indiyə qədər SEPAH üzvlərinə qarşı terakt təşkil edən terrorçulara qarşı hücum təşkil etməyiblər”, – deyə o bildirib.

Qeyd edək ki, Zahidan şəhərində SEPAH üzvlərinə qarşı terakt təşkil edilib. Nəticədə SEPAH-ın 27 (bəzi mənbələrə görə - 41) əsgəri həlak olub. İran rəsmiləri hücumu bəluclardan təşkil edilən Ceyş ül-Adl terror təşkilatının təşkil etdiyini bildirib.

Zahidan teraktı ilə parallel Hindistanın Cammu və Kəşmir ştatında da hərbçilərə hücum edilib. Hücum nəticəsində 40-dan çox hərbçi ölüb. İran kimi, Hindistan da hücumu təşkil edən terror təşkilatının Pakistandan dəstək aldığını ifadə edib. Üstəlik, bu məsələdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da Hindistana dəstək verib və Pakistanın terrorçuların gizlədilməsi təcrübəsindən imtina etməli olduğunu deyib.

Reaksiya.az

Şərhlər